Ukrayna bazarı Azərbaycana nə qazandıra bilər? – İqtisadçının ŞƏRHİ

“Ukrayna bazarının Azərbaycan üçün əhəmiyyəti olduqca yüksək və strateji xarakter daşıyır. İlk növbədə ona görə ki, Ukrayna vasitəsilə Azərbaycan dayanıqlı və uzunmüddətli şəkildə Şərqi Avropa bazarlarına çıxış əldə edə bilər”.

Bu sözləri Musavat.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, Ukraynada möhkəmlənmək eyni zamanda Şərqi Avropa regionu üçün gələcəkdə daha geniş iqtisadi və ticari imkanlar deməkdir:
“Eyni zamanda, SOCAR-ın Ukraynadakı fəaliyyəti yalnız enerji resurslarının satışı ilə məhdudlaşmır, bu fəaliyyət həm də geniş xidmət sektorunu əhatə edir. Yəni Azərbaycanın Ukraynada mövcudluğu enerji və xidmət sektorlarının inteqrasiyası üzərində qurulan kompleks bir iqtisadi model kimi çıxış edir. Digər mühüm məqam ondan ibarətdir ki, enerji sahəsində əməkdaşlığın genişlənməsi avtomatik olaraq logistika və nəqliyyat imkanlarının da inkişafına təkan verir. Bu çərçivədə dəniz limanlarının birgə istifadəsi, Azərbaycanın bu sahədə mövcud təcrübəsi, həmçinin Orta Dəhlizin genişlənməsi perspektivləri xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, logistika marşrutları üzrə xidmətlərin formalaşdırılması və inkişaf etdirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə, xüsusilə də özəl sektorlar arasında B2B formatında əməkdaşlığın genişlənməsinə ciddi töhfə verə bilər.
Mən düşünürəm ki, müharibə Ukraynanı zəiflətməklə yanaşı, həm də Ukrayna hərbi sənayesini böyük ölçüdə inkişaf etdirdi. Ukrayna artıq hərbiləşmiş sənayeyə malikdir və Yaxın Şərqdə baş verən hadisələr də göstərdi ki, Ukrayna hərbi sənayesi son 4 il ərzində olduqca yüksək sürətlə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Azərbaycan da müdafiə sənayesi məhsullarının istehsalı və ixracı sahəsində müəyyən potensiala malikdir. Bu baxımdan iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın çox geniş perspektivlər və imkanlar yaratdığı düşünülür”.
Eldəniz Əmirovun fikrincə, ən vacib istiqamətlərdən biri də kənd təsərrüfatı sahəsidir:
“Burada həm kənd təsərrüfatı məhsullarının ixracı, həm də Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından vacib sayılan məhsulların, xüsusilə də ərzaqlıq buğdanın idxalı istiqamətində ciddi əməkdaşlıq potensialı mövcuddur. Bundan əlavə, müharibədən sonrakı dövrdə Ukraynada aparılacaq yenidənqurma və bərpa proseslərində Azərbaycanın təcrübəsi xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələdə Azərbaycan şirkətlərinin Ukraynada fəal iştirakı həm iqtisadi, həm də strateji baxımdan labüd görünür. Bu əməkdaşlıq isə iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və paralel şəkildə siyasi münasibətlərin inkişafına xidmət edəcəkdir”.
Xalidə Gəray
Musavat.com