
Sosial şəbəkə istifadəçisi jurnalist Sima Babayeva şəxsi hesabında Mingəçevir şəhəri ilə bağlı bir sıra iddiaya xarakterli məlumatlar paylaşıb.Qeyd edək ki, aşağıda yer alan məlumatlar müəllifin şəxsi fikirləri və iddialarıdır. Qerbiazerbaycanaz.tv bu iddiaların doğruluğunu təsdiq etmir və yayımlanan məlumatlara görə məsuliyyət daşımır.Sima Babayevanın paylaşımında bildirilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun fəaliyyəti ilə bağlı müxtəlif qalmaqallı məqamlar mövcuddur. Paylaşımda Kür çayı ətrafında aparıldığı iddia olunan qanunsuz tikinti və torpaq məsələləri, park ərazisində dəyişikliklər, məcburi köçkünlərlə münasibətlər, eləcə də sahibkarların fəaliyyətinə maneələr yaradıldığı barədə fikirlər yer alır. Müəllif iddia edir ki, son illər Mingəçevirdə idarəetmədə “kirvə və qohumluq əlaqələri” əsasında formalaşan kadr təyinatları həyata keçirilib. Paylaşımda bir sıra vəzifəli şəxslərin icra başçısı ilə qohumluq və yaxın münasibətlərinin olduğu, bu amilin bələdiyyə və seçki proseslərinə də təsir göstərdiyi qeyd olunur.Bundan başqa, paylaşımda şəhərin baş memarı ilə bağlı da iddialar səsləndirilir. Bildirilir ki, şəhərin memarlıq görünüşünə zərər vuran qərarlar qəbul edilib, obyekt və torpaq təyinatlarının dəyişdirilməsi prosesi sürətlə həyata keçirilib. Müəllif bu proseslərin korrupsiya xarakterli olduğunu iddia edir. Sima Babayeva həmçinin yazır ki, şəhərdə yaş həddi keçmiş bəzi vəzifəli şəxslərin uzun illər postlarını qoruyub saxlaması gənc kadrların önə çəkilməsinə mane olur.Paylaşımın sonunda müəllif ölkə rəhbərliyinin verdiyi tapşırıq və göstərişlərin yerli icra strukturlarında tam icra olunmadığını iddia edir və bu məsələlərin araşdırılmasına ehtiyac olduğunu vurğulayır.
Qeyd: Qerbiazerbaycanaz.tv qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.




