Cəmiyyət

Prezidentin təltifi şəhidin adını daşıyan övladına təqdim edildi – foto

Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunan qəhrəman kəşfiyyatçı, baş leytenant Şahlar Nəzərovun medalı bu gün, aprelin 30-da, Xüsusi Təyinatlı Qüvvələrin yaradıldığı gün onun məzarı başında, dYardımlə rayonunun Peştəsər kəndində övladına təqdim edilib.

Musavat.com bu barədə şəhidin əmisi Cabir Nəzərova istinadən bildirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon bölməsinin rəisi, polkovnik-leytenant Elbrus Bağırov və qurumun əməkdaşları Prezidentin təltifini, medalı və vəsiqəni şəhidin adını daşıyan övladı, Peştəsər kənd tam orta məktəbinin 3-cü sinif şagirdi Şahlar Nəzərova təqdim edib. Qeyd edək ki, şəhid baş leytenant Şahlar Yaşar oğlu Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Füzuli-Xocavənd istiqamətində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Əfsanəvi kəşfiyyatçı xidmət etdiyi müddətdə onlarla düşmən hərbçini məhv edib və düşmənin çoxsaylı diversiya – təxribat cəhdlərinin qarşısını alıb. O, son döyüşdə yaralı əsgərini xilas etməyə çalışarkən düşmən gülləsinə tuş gələrək, qan itirməsi nəticəsində şəhid olub. Şəhidimizin nəşi üç gün davam edən danışıqlardan sonra qaytarılıb. Həmin döyüşdə Azərbaycanın 5 qəhrəman kəşfiyyatçısı şəhid olmuşdu. Şahlar Nəzərov xilas etməyə çalışdığı hərbçi yoldaşının əlini son nəfəsində belə buraxmamışdı, həmin kadrlar bu günədək həssaslıqla izlənilir.

Xatırladaq ki, Ş.Nəzərov şəhidliyə qovuşduqdan sonra, 27 iyun 2017-ci ildə onun əkiz oğulları dünyaya gəlmişdi. Atasının (Şahlar) və babasının (Yaşar) adlarını daşıyan qəhrəman övladları hazırda atalarının uyuduğu kənddə – Yardımlı rayon Peştəsər kənd məktəbində təhsil alırlar.  Cəsur kəşfiyyatçının atası Yaşar Nəzərov 2024-cü ildə dünyasını dəyişib.

WhatsApp Image 2026-04-30 at 19.10.09.jpeg (362 KB)

Elşad Paşasoy
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button