Cəmiyyət

“Hələ quzu əti 21 manatdır, şükür edin…” -Bazarda qiymətlər əl yandırırFOTOREPORTAJ

Son günlər ətin qiyməti ilə bağlı əhali arasında yenə narazılıq var. Qeyd edilir ki, şəhərin müxtəlif yerində ət fərqli qiymətə təklif edilir.

Ətin qiyməti ilə bağlı proqnozlar onsuz da ürəkaçan deyildi. Son aylar mediada yayımlanan məlumatlara əsasən deyə bilərik ki, 2025-ci il ərzində Azərbaycanda ət məhsullarının qiymətində tədricən, lakin davamlı artım müşahidə olunub. İlkin aylarda dana və quzu ətinin qiymətləri nisbətən aşağı olsa da, yaz aylarından başlayaraq artım daha da nəzərə çarpıb. Yanvar ayında dana ətinin kiloqramı təxminən 14.5–15 manat, quzu əti isə 18–19 manat civarında satılırdı. Mart ayına doğru dana ətinin qiyməti 15.5 manata, quzu ətinin qiyməti isə 19.5–20 manata qədər yüksəldi. May ayında qiymətlər bir qədər də artaraq, dana əti 16–16.5 manat, quzu əti isə 20–21 manat aralığında satılmağa başladı. İyul ayında isə dana ətinin qiyməti 16.75 manata çatdı, quzu əti isə 21.25 manat səviyyəsində satılırdı. Sentyabr və oktyabr aylarında bu qiymətlər bir qədər də artaraq dana əti üçün 17–17.5 manat, quzu əti üçün isə 21.5–22 manat aralığında sabitləşib. Qiymət artımının əsas səbəbləri kimi yem xərclərinin və heyvandarlıqla bağlı digər istehsal xərclərinin artması, yerli təklifin azalması və idxal imkanlarının məhdudlaşması göstərilir. Bahalaşma həmçinin daxili bazarda alıcılıq qabiliyyətinə təsir göstərib, bəzi istehlakçılar daha ucuz, lakin keyfiyyəti sual doğuran məhsullara yönəlməyə başlayıblar.

Bəs hazırda vəziyyət necədir? Mövcud vəziyyəti öyrənmək üçün Musavat.com-un əməkdaşı paytaxtın ən münasib ticarət mərkəzlərindən olan “8-ci kilometr” bazarında olub.

Səhər saatlarının olmasına baxmayaraq bazarda adam əlindən tərpənmək olmurdu. Ət satışı ilə məşğul olan dükanların qarşısında alış-veriş edənlər, qiymətlə maraqlananlar və bir gözlə baxıb keçənlər də vardı… Burası təkcə alış-veriş məkanı deyil, həm də şəhərin iqtisadi “termometri” sayılır. Qiymətlərdəki dəyişikliklər burada birinci hiss olunur. “8-ci kilometr” bazarı adətən digər bazarlara nisbətən ucuz mal satılan yer kimi tanınır. Dükanlardan birində satıcı gülərüzlə qarşılayır:

— “Dana əti 17 manatdır, quzu əti isə 21 manat 50 qəpik”.

Sözün açığını desək, hazırkı bazar şərtləri üçün bu qiymətlər “norma” sayıla bilər. Amma elə bu məqamda yaxınlıqda dayanan bir alıcı etirazını bildirir:

— “Ay qardaş, bu ət bizim həyətin yanındakı dükanla müqayisədə bahadır. İki gün öncə 15 manata almışam, eyni ət!”

Satıcı cavab verir:

— “Bu gün kəsilən ətləri satırıq. Baxın, üstündə etiket var. Hamısı baytar həkim nəzarətindən keçib. Bu qiymət də ona görədir. Keyfiyyətin qiyməti olur axı…”

Satıcıdan “Pakistan ətləri bazara gətiriləndən sonra al-ver necə olacaq” deyə soruşuruq:

— “Pakistandan gətirilən ətlər var ha, onlar donmuş ət sayılır. Restoranlarda dadmışıq, açığını deyim, xoşumuza gəlməyib. Bizim yerli ətin dadını vermir. Ona görə düşünmürəm ki, Pakistan əti bizim bazara ciddi təsir edə bilsin. Bizim ətə öyrəşən insan başqa ətə baxmaz”.

Bazarın girişində və bəzi arxa hissələrində 7-10 manat arasında satılan ətlərə də rast gəlmək mümkündür. Əlbəttə, bu qiymət alıcı üçün cəlbedici görünə bilər. Amma satıcı bu məsələni belə izah edir:

— “Onlar qoca dananın ətidir. Sərt olur, dadı fərqlidir. Həm də ucuz satıldığı üçün öz alıcısı var. Amma eyni keyfiyyət gözləmək olmaz”.

İnsanların ağlına tez-tez bu məsələ də gəlir- bəs bu ucuz ətlər eşşək əti ola bilərmi?

Satıcının cavabı bir qədər yumorla qarışıq gəlir:

— “İndi eşşək əti də tapılmır, vallah. Ona görə bu məsələ narahatlıq doğurmamalıdır”.

Söhbətləşdiyimiz digər ət dükanında da qiymətlər demək olar ki, eynidir:

Dana əti: 17 manat

Quzu əti: 21–21.50 manat

Satıcılar bildirir ki, son zamanlar qiymətlərdə ciddi dəyişiklik olmayıb. Əsas səbəb kimi isə baytarlıq nəzarəti, heyvanların saxlanma xərcləri və yem qiymətlərinin artması göstərilir.

Bazarda müxtəlif fikirlər eşidilir. Kimi qiymətlərdən razıdır, kimi isə daha ucuz ət axtarışındadır. Amma bir ortaq məxrəc var, keyfiyyətli və sağlam ət. Alıcılardan biri deyir:

— “Ətin qiymətindən çox, təmizliyinə fikir verirəm. Ucuz alıb sonra xəstələnməkdənsə, bir az baha alaram, amma rahat olaram”.

Satıcılar isə qiymətin qalxacağını güman edirlər:

— “Hələ quzu əti 21 manatdır, şükür edin. Yaxınlarda bahalaşsa, təəccüblənmərəm”.

Bəlkə də bu kimi şükür etmələr bazarın əsl durumunu izah edir – vəziyyət nə yaxşıdır, nə də lap pis.

İqtisadçı Xalid Kərimli isə bizimlə söhbətdə deyib ki, son illərdə ətin qiyməti ən azı beş dəfə yüksəlib: “Artımın səbəbi isə ot və yemlərin qiymətinin yüksəlməsi, ət istehsalında əməyin və digər resursların maya dəyərinin artırılmasıdır. Buna görə də otun qiymətindəki dəyişikliklər ətin qiymətinə mütləq şəkildə təsir edir və istehlakçılar bu artımı məhsulun son qiymətində hiss edirlər”.

Bu arada, Qida Təhlükəsizliyi Agentliyi ət satışı ilə bağlı xəbərdarlıq edib. Belə ki, ölkə ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə müvafiq qərarlar qəbul edilib. Bu barədə Musavat.com-a qurumdan məlumat daxil olub. Qeyd edilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.

Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır. Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button