Bərdədə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin Bərdə bölgə Qazılığının təşkilatçılığı ilə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, bölgə dindarları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb. Tədbirdə QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı video-çarx nümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti, dini dəyərlərimizin qorunması və inkişafı sahəsindəki xidmətləri barədə çıxış edən QMİ-nin Bərdə bölgəsi üzrə Qazısı Ramazan Hüseynov bildirib ki, müstəqil və yeni Azərbaycanın memarı kimi Ümummilli Liderin irsi daim araşdırılacaq: “Torpaqları işğal olunanda, vətəndaş müharibəsi ilə üz-üzə qalanda, separatçılar tərəfindən bölünməyə cəhd göstəriləndə xalq məhz nicatını Heydər Əliyevdə gördü və bu nəhəng siyasi xadimi yenidən hakimiyyətə dəvət etdi. Ulu Öndər də müdrikliyi, qətiyyəti sayəsində ölkəmizi bu bəlalardan xilas etdi, xalqı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Təsadüfi deyil ki, Məhəmməd əleyhis-salamın Mövludu günündə Təzəpir məscidini ziyarət edən Ümummilli Lider dindarlar qarşısındakı tarixi çıxışında “Hamımız Allahın yolunda bir olaq” – deyərək xalqı birliyə səslədi. Xalqımızın İslam dininə, qədim adət-ənənələrinə ehtiram Ulu Öndərin həyat amalı idi. O, hər görüşündə, çıxışlarında gənclərimizə dini, milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməyi tövsiyə edirdi”. Konfransda Bərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Samir Səfərov rayon Ağsaqqallar şurasının sədr müavini Rızaqulu Şərifov Azərbaycan Bayrağı ordenli Sərhəd Zöhrabbəyovun həyat yoldaşı Etibarr Huseynova Şəhid Anası Radə xanım Şəhid Anası Arzu xanım və ictimaiyyət nümayəndələri iştirak ediblər. QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi və digər natiqlər çıxış edərək, Ulu öndərin Azərbaycan tarixinin ən uca zirvəsində qərar tutduğu, milli-mənəvi dəyərlərin hamisi olduğu, müəllifi olduğu Azərbaycançılıq məfkurəsi ətrafında xalqı birləşdirdiyi və güclü Müstəqil Azərbaycan yaratması məzmununda fikirlərini bölüşüblər.
Tədbirin sonunda Ramazan Hüseynov konfransın təşkilində göstərdiyi köməkliyə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə dindarlar adından minnətdarlığını bildirib.










