Dörd Avropa liderlərinin ardarda səfəri – Bakı ilə münasibətlər zərurətə çevrilir

Başa çatmaq üzrə olan aprel ayında dörd Avropa ölkəsinin lideri Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Baş naziri İnqa Ruqiniene və Latviya Prezidenti Edqars Rinkeviçi Bakıda, Ukraynanın prezidenti Volodimir Zelenski və Çexiyanın baş naziri Andrey Babişi isə Qəbələdə qəbul etdi. Mayın 5-də isə İtaliyanın baş naziri Corcia Meloni Azərbaycana səfər edəcək. Bu səfər də aprel prosesinin davamı kimi qiymətləndirilir.
Bu ölkələrdən dördü Avropa İttifaqının üzvü, biri isə Avropanın önəmli ölkəsidir.
Musavat.com-un xəbərinə görə, siyasi analitiklər hesab edir ki, bu səfərlər Azərbaycanın Avropa üçün önəminin daha da artdığının göstəricisidir. Bu intensivlikdə səfərlər təsadüfi deyil. Azərbaycan beynəlxalq arenada artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edilir. Xüsusilə, Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. Proses Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir. Aprel ayında Azərbaycana Avropa ölkələrinin liderlərinin səfərləri də göstərdi ki, Avropa İttifaqı Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli qlobal tərəfdaş kimi görür. Avropa üçün Azərbaycan artıq yalnız alternativ enerji mənbəyi deyil, həm də strateji tərəfdaşdır. Azərbaycan artıq regional oyunçu yox, sistem qurucu aktor kimi qəbul edilir.
Avropa Bakı ilə münasibətləri zərurət kimi görməyə başlayıb.
Etibar Seyidağa,
Musavat.com