GündəmSosialXəbərlər

Bu gün elimizin igid, zəhmətkeş və fədakar qızı Tərlan Musayevanın doğum günüdür.

Dəyərli və nəcib qəlbə sahib olan Tərlan xanımı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Yeni yaşınız sizə yeni uğurlar, xoşbəxtliklər və sevincli günlər gətirsin. Ən əsası isə möhkəm cansağlığı, uzun və mənalı ömür arzulayıram. Doğum gününüz mübarək, hörmətli Tərlan xanım!Tərlan Musayeva 22 yanvar 1955-ci ildə Bərdə rayonu Kələntərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1972-ci ildə Mirbəşir (indiki Tərtər) şəhər 1 saylı orta məktəbi bitirmiş, həmin ildə Bərdə rayonunun 105 saylı kənd texniki peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə peşə məktəbini sürücü-mexanik ixtisası üzrə bitirərək Bərdə rayonunun “Kommunizm” kolxozunda mexanizator kimi əmək fəaliyyətinə başlamışdır.Əmək fəaliyyətində göstərdiyi yüksək nəticələrə görə dövlət tərəfindən “Qırmızı Əmək Bayrağı” ordeni, SSRİ Xalqlar Dostluğu ordeni, Azərbaycan SSR və SSRİ Lenin Komsomolu mükafatları ilə təltif edilmişdir. Eyni zamanda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına, eləcə də Paşa Angelina, Tursnoy Axundova və Sevil Qazıyeva adına mükafatlara, bir sıra fəxri fərmanlara layiq görülmüşdür.Bu gün bizə çatan və tarixi dəyər daşıyan fotolarda Ümummilli Lider Heydər Əliyevin Tərlan Musayeva ilə səmimi görüşləri əks olunub. Bu kadrlar bir daha göstərir ki, Heydər Əliyev zəhmət adamlarına, xüsusilə də kənd təsərrüfatında çalışan fədakar qadınlara hər zaman böyük diqqət və yüksək dəyər verirdi. Sahədə, əməyin içində olan insanlarla birbaşa ünsiyyət, onların zəhmətinə verilən qiymət Heydər Əliyev siyasətinin əsas mahiyyətini təşkil edirdi. Bu fotolar təkcə bir görüşün deyil, əməyə hörmətin və insan amilinə verilən dəyərin canlı tarixidir.1980-ci ildə kinorejissor Elçin Əfəndiyev tərəfindən Tərlan Musayeva haqqında sənədli film çəkilmişdir. O, 23 yaşında SSRİ Ali Sovetinin X–XI çağırışları üzrə ən gənc deputatı seçilmişdir.1995-ci ildə 56 saylı Bərdə rayon seçki dairəsindən majoritar qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Aqrar islahat komissiyasının üzvü kimi verdiyi təkliflər və irəli sürdüyü təşəbbüslər yüksək qiymətləndirilmiş, Milli Məclisdə 30-a yaxın qanunun hazırlanması və müzakirəyə çıxarılmasında mühüm rol oynamışdır.Tərlan Musayeva 1981–1991-ci illərdə kolxoz idarə heyətinin sədr müavini, 1991–1992-ci illərdə isə Səməd ağa Ağamalıoğlu adına kolxozun sədri və Bərdə rayon Xalq Deputatları Sovetinin sədri vəzifələrində çalışmışdır. Fəaliyyəti dövründə təhsilini qiyabi davam etdirərək Ağdam Kənd Təsərrüfatı Texnikumunu, Gəncə Kənd Təsərrüfatı Akademiyasını və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Prezident təqaüdçüsüdür.Bir daha hörmətli Tərlan xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və daim hörmət-izzət arzulayıram.

Hörmətlə, Vaqif Mehemmed Oglu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button