Gündəm

Bu gün Azərbaycan xalqı qürurverici anlar yaşadı, ölkəmizdə Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan Zəfər Paradı keçirildi.

Paradda dost və qardaş ölkələrin rəhbərləri- Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdi. İlk dəfə olaraq, Pakistan hərbi qüvvələri Bakıda Parad heyətinə qoşuldu.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.

Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var. Məhz onun sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılıb. Hərbi Hava Qüvvələrinin Ümummilli liderin portretini nümayiş etdirməsi onun bu sahədə müstəsna rolunu simvolizə edirdi.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya həlledici rol oynayıb. Ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması istiqamətində atılan addımlar ölkənin strateji maraqlarına cavab verib və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.

Prezident İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra Silahlı Qüvvələrin inkişafını milli təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri elan edib, həmçinin orduya ayrılan dövlət büdcəsinin ildən-ilə artırılması, hərbi xərclərin strateji səviyyəyə yüksəldilməsi, peşəkar hərbi kadrların hazırlanması üçün milli hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların və silah sistemlərinin alınması və yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətində çox böyük işlər həyata keçirilib. Bu tədbirlər nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və çevik ordu sisteminə malik olan dövlətlərdən birinə çevrilib.

Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul Azərbaycanın öz müəssisələrində istehsal edilir, bəziləri isə ixrac potensialına malikdir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Prezident İlham Əliyevin hərbi və siyasi liderliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü parlaq şəkildə göstərdi. Ali Baş Komandan kimi İlham Əliyev müharibənin bütün mərhələlərinə şəxsən rəhbərlik etmiş, hərbi əməliyyatların düzgün koordinasiyası, informasiya müharibəsinin idarə olunması və diplomatik manevrlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdir. 🇦🇿🇦🇿🇦🇿

Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilib. Xüsusilə Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və xalqla birliyini bütün dünyaya nümayiş etdirib. Ordumuzun əldə etdiyi şanlı qələbə nəticəsində əzəli torpaqlarımız azad olunub.

Silahlı Qüvvələrimizdə xidmət edən hər bir əsgər, zabit və hərbçi bu gün Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin və əmin-amanlığının təminatçısıdır. Onların fədakarlığı, mərdliyi və vətənə sədaqəti hər bir vətəndaş üçün nümunədir. Allah ordumuzu qorusun!

Yaşasın Azərbaycan Silahlı Qüvvələri!

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı

ordumuz #Silahlıqüvvələr #AzərbaycanƏsgəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button