Milli QəhrəmanAzərbaycanın ilk şəhid qadın jurnalist olan Salatın Əsgərovanı rəhmət və ehtiramla yad edirik.Ruhu şad olsun!

Qerbiazerbaycanaz.tv məlumatına görə, Salatın Əsgərova 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə paytaxtdakı M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.
S.Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun altıncı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri əsgərlərinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydcana” qəzetinin əməkdaşı, Vətənin qeyrətli qızı, bir oğul anası S.Əsgərova amansızcasına qətlə yetirilib.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu Şuşa rayonundakı kənd Salatınkənd adlandırılıb.
Səni heç unutmadıq, unutmarıq da ehtiramla, sevgi ilə anırıq. Ruhun şad olsun milli Qəhrəmanımız!

Vaqif Məhəmməd oğlu.