Azərbaycanda ət tapılmayacaq? – qiymətlət niyə bahalaşır – gizli səbəblər üzə çıxır

Bu ilin ilk üç ayında Azərbaycanın ət idxalında artım qeydə alınıb. Rəsmi statistikaya görə, ölkəyə 12 min 299 ton ət gətirilib və bunun üçün 28 milyon 630 min ABŞ dolları vəsait xərclənib. Maraqlıdır ki, idxal olunan ətin həcmi cəmi 3,4 faiz artsa da, onun dəyəri 15,3 faiz yüksəlib. Bu isə bazarda qiymətlərin bahalaşması ehtimalını gündəmə gətirir. Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsində azalma müşahidə olunur – həm ixrac, həm də idxal ötən illə müqayisədə aşağı düşüb. Bütün bu göstəricilər fonunda sual yaranır: ölkə daxilində ət istehsalı tələbatı niyə qarşılamır və idxaldan asılılıq nə dərəcədə təhlükəlidir?
Azərbaycanda ət idxalının artmasının əsas səbəbləri nədir?
Yerli istehsal daxili tələbatı niyə tam ödəyə bilmir?
İdxalın dəyərinin daha sürətlə artması qiymət bahalaşmasından xəbər verirmi?
Qarşıdakı aylarda ət bazarında hansı dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
“Təəssüf ki, bu vəziyyət heç də təəccüblü deyil. Çünki ölkədə son 5 il ərzində həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayında ciddi və narahatedici azalma müşahidə olunur. Rəqəmlərə diqqət yetirdikdə mənzərə daha da aydın görünür: təxminən 300 min baş iribuynuzlu mal-qara, eləcə də 1,7–1,8 milyon baş qoyun-keçi sayı azalıb. Bu isə o deməkdir ki, yerli istehsalın zəifləməsi artıq qaçılmazdır. Nəticədə daxili bazarda ət və ət məhsullarının qiymətləri artır, eyni zamanda idxaldan asılılıq daha da güclənir. Statistik göstəricilər də bu tendensiyanı açıq şəkildə təsdiqləyir.
İqtisadiyyat bir bütöv sistemdir – onun yalnız bir tərəfinə baxmaqla real mənzərəni qiymətləndirmək mümkün deyil. Əgər istehsal azalırsa, bunun bazara, qiymətlərə, idxal-ixrac balansına təsiri də qaçılmaz olur.
Ölkədə örüş sahələrinin tədricən zəbt olunması, yem bazasının zəifləməsi, maldarlıqla məşğul olmaq istəyən insanların sayının azalması bu prosesin əsas səbəblərindəndir. İnsanlar bu sahədən uzaqlaşırlar, çünki gəlirlilik aşağıdır, qarşılaşdıqları maneələr isə kifayət qədər çoxdur. Uzun illər zəhmət çəkib nəticədə gözlədiyi qazancı əldə etməyən fermer təbii ki, bu sahədən uzaqlaşır. Bu da ümumi heyvandarlıq sektoruna birbaşa zərbə vurur”.
İqtidadçı qeyd edib ki, şəhər həyatının cazibəsi də kənd təsərrüfatından uzaqlaşmanı sürətləndirir:
“İnsanlar düşünür ki, şəhərdə 1000–1500 manat maaşla fəhlə işləmək daha sərfəlidir, nəinki ağır və əziyyətli maldarlıqla məşğul olub qeyri-müəyyən gəlir gözləmək. Halbuki hamıya məlumdur ki, maldarlıq çox zəhmət tələb edən sahədir və bu sahədə çalışan insanların xüsusi dəstəyə ehtiyacı var.
Mövcud vəziyyət göstərir ki, problem artıq sistem xarakteri alıb və onun həlli üçün fundamental addımlar atılmalıdır. Maldarlıqla məşğul olanlara real və effektiv stimullar verilməlidir. Bu sahə elə səviyyədə gəlirli olmalıdır ki, insanlar kənd təsərrüfatını tərk edib şəhərə üz tutmasınlar.
Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Məsələn, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi, fermerlərin bazara birbaşa çıxış imkanlarının yaradılması,
innovativ texnologiyaların tətbiqi,
yeni və məhsuldar heyvan cinslərinin yetişdirilməsi, baytarlıq xidmətlərinin əlçatan və mümkün qədər pulsuz təşkili,
yem bazasının genişləndirilməsi və möhkəmləndirilməsi”.
Natiq Cəfərli vurğulayıb ki, bütün bunlar həyata keçirilməzsə, son illərdə müşahidə olunan mənfi tendensiya daha da dərinləşəcək. Əhalinin sayı artdığı halda mal-qara sayının azalması ciddi disbalans yaradacaq.
Bu isə qaçılmaz olaraq ətin qiymətinin daha da bahalaşmasına, idxaldan asılılığın artmasına və ölkənin ərzaq təhlükəsizliyi baxımından risklərlə üzləşməsinə gətirib çıxara bilər:
“Bu gün müşahidə etdiyimiz vəziyyət illər əvvəl proqnozlaşdırılırdı. Təəssüf ki, bu xəbərdarlıqlar özünü doğrultdu və indi artıq problemin nəticələri ilə üz-üzəyik. Əgər vaxtında və düzgün qərarlar qəbul olunmasa, yaxın gələcəkdə ət bazarında daha ciddi və kəskin bahalaşma dalğası qaçılmaz olacaq”.
Xalidə Gəray
Musavat.com