
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə 478 şagirdin təhsil aldığı Adil Məmmədov adına Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub. Əvvəlcə icra başçısı şəhidlərin adını daşıyan abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məktəbdə tədris və təlim-tərbiyə prosesinin təşkili, maddi-texniki baza və yaradılmış şəraitlə bağlı rayon rəhbərinə məlumat verilib. İcra başçısı məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.Rayon rəhbəri tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verib, şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsinin, valideynlərlə əlaqələrin gücləndirilməsinin, valideyn komitələrinin bu işə cəlb olunmasının vacibliyini qeyd edib. Eyni zamanda gündəlik sanitar-gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.Görüş zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi yad edilib. Şəhidlərin həyat və döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı bildirilib.Sonda məktəbin pedaqoji kollektivi təhsilin inkişafına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.














