Prezident İlham Əliyev: “Azərbaycan–Qazaxıstan münasibətləri qardaşlıq, etimad və strateji tərəfdaşlıq üzərində qurulub”

18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərindən, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən bəhs edib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında formalaşıb. Bu münasibətlər ortaq türk kimliyi, mədəni və mənəvi dəyərlər üzərində möhkəmlənərək hərtərəfli əməkdaşlığa çevrilib.
Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda həyata keçirilən məqsədyönlü siyasəti yüksək qiymətləndirib, ölkənin dinamik inkişafını və iqtisadi islahatların uğurla icra olunmasını təqdir edib. O, həmçinin işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə tikilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin xalqlar arasında dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev xatırladıb ki, bu il Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasının 20 ili tamam olur. Ötən dövrdə iki ölkə arasında siyasi, iqtisadi, investisiya və humanitar sahələri əhatə edən təxminən 170 sənəd imzalanıb. Ali Dövlətlərarası Şuranın fəaliyyəti isə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Müsahibədə iqtisadi əməkdaşlıq məsələləri də xüsusi yer alıb. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin ilk 8 ayında 547 milyon dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturunun fəaliyyəti investisiya mühitinə olan etimadın göstəricisidir.
Dövlət başçısı həmçinin Orta Dəhlizin inkişafını, nəqliyyat-logistika əməkdaşlığının genişlənməsini regionun iqtisadi inteqrasiyası üçün strateji əhəmiyyətli istiqamət kimi dəyərləndirib. Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabelin və neft-qaz sahəsində SOCAR ilə “KazMunayQaz” arasında əməkdaşlığın regionda yeni imkanlar açacağını qeyd edib.
Müsahibədə yaşıl enerji və rəqəmsal inteqrasiyanın inkişafı da xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində birgə layihələr həyata keçirilir ki, bu da ölkələrin davamlı inkişafa sadiqliyini göstərir.
Prezident Türk Dövlətləri Təşkilatının (TDT) ölkələr arasında qardaşlıq və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Şuşa və Qəbələdə keçirilən Zirvə görüşlərinin Türk dünyasının birliyinin və siyasi gücünün artmasına töhfə verdiyini vurğulayıb.
Mədəniyyət və təhsil sahəsində əlaqələr də müsahibənin önəmli hissəsini təşkil edib. Prezident İlham Əliyev qeyd edib ki, keçirilən Azərbaycan və Qazaxıstan Mədəniyyəti Günləri, həmçinin görkəmli yazıçı Kemel Tokayevin əsərlərinin Azərbaycanda nəşri xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir.
Müsahibənin sonunda Prezident İlham Əliyev Xəzər dənizində müşahidə olunan ekoloji problemlərə toxunub. O, Xəzərin səviyyəsinin azalmasının yaratdığı təhlükələri qeyd edərək, bütün Xəzəryanı ölkələri birgə fəaliyyətə və ekoloji tarazlığın bərpası üçün koordinasiyalı tədbirlərin həyata keçirilməsinə çağırıb.
Prezidentin fikirlərinə əsasən, Azərbaycan–Qazaxıstan münasibətləri bu gün yalnız regional deyil, həm də beynəlxalq səviyyədə nümunəvi əməkdaşlıq modeli kimi dəyərləndirilir. Qardaşlıq, etimad və strateji tərəfdaşlıq prinsiplərinə söykənən bu münasibətlər gələcəkdə də daha da möhkəmlənəcək.
Günay Ağayeva – Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi