Gündəm

“Ev dustaqlığı”nın pərdəarxası: Ramiz Mehdiyev nə edə bilər, nə qadağandır?

Məlum olduğu kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bəs ev dustaqlığı nədir? Onun şərtləri nələrdir? Ev dustaqlığına məruz qalan şəxslərin hərəkət azadlığı necə məhdudlaşdırılır? Belə olan halda, Ramiz Mehdiyev ev dustağı kimi nəyi edə bilər, nəyi edə bilməz? Evi tamamilə tərk edə bilməz, yoxsa müəyyən istisnalar var?

EKREM.jpg (30 KB)

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb:

“Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsində ev dustaqlığı ilə bağlı konkret qaydalar göstərilib. Bu maddəyə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

Yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

Elektron nəzarət vasitəsini (bilərzik və ya oxşar cihaz) daşımaq və onun işlək vəziyyətdə saxlanılması üçün zəruri şəraiti təmin etmək;

Məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

Məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək”.

Ə.Həsənov bildirib ki, ev dustaqlığının şərtləri hər bir halda məhkəmənin qərarı ilə fərdi şəkildə müəyyən olunur:

“Məsələn, məhkəmə qərarında göstərilə bilər ki, şəxs tamamilə evdən çıxa bilməz, yaxud yalnız günün müəyyən saatlarında evini tərk edə bilər. Həmçinin, qərarda “müəyyən edilmiş ərazi hüdudlarını tərk etməmək” qeyd oluna bilər. Bu, bəzən bir küçə, bəzən bir rayon, hətta şəhər səviyyəsində də müəyyən edilə bilər”.

Hüquqşünas vurğulayıb ki, məhkəmə əlavə məhdudiyyətlər də təyin edə bilər:

“Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

Məhkəmənin müəyyən etdiyi ərazi daxilində bəzi yerlərə getməmək;

Alkoqolizm, narkomaniya, toksikomaniya və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

Müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;

Təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələrə əməl etmək”.

Əkrəm Həsənov onu da vurğulayıb ki, ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir:

“Əgər tibbi göstəricilərə görə təqsirləndirilən şəxs stasionar müalicəyə yerləşdirilirsə, ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək qüvvədə qalır. Bu halda ev dustaqlığının icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir”.

Hüquqşünas əlavə edib ki, ev dustaqlığı zamanı şəxs və onun yaşayış yeri daimi müşahidə altında olur:

“Bu nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əgər şəxsin ev dustaqlığı şərtlərinə əməl etmədiyinə dair əsaslı şübhələr yaranarsa, icra hakimiyyətinin əməkdaşı prokurorun qərarı ilə onun yaşayış yerinə daxil olub vəziyyəti yerində yoxlaya bilər.

Əgər ev dustaqlığına alınmış şəxs məhkəmənin müəyyən etdiyi şərtləri pozarsa, bu zaman onun barəsində həbs qətimkan tədbiri seçilir”.

Bəs bu günə qədər Azərbaycanda hansı tanınmış şəxslər ev dustaqlığına məruz qalıb?

Qubad İbadoğlu

Xatırladaq ki, ötən ilin aprel ayında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Vəli Əsgərov

Bir neçə il öncə Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərov barəsində də həbs-qətimkan tədbiri seçilmişdi. O, ev dustaqlığına buraxılsa da, qərar sonradan dəyişdirilib. Səbəb kimi onun ev dustaqlığının şərtlərini pozması göstərilib. Belə ki, V. Əsgərov ev dustağı olduğu halda vəkili ilə “Skype” vasitəsilə danışdığı üçün bu, məhkəmə tərəfindən qayda pozuntusu kimi qiymətləndirilib və nəticədə ev dustaqlığı həbs-qətimkan tədbiri ilə əvəz olunub.

Gülər Əhmədova

Eks-deputat Gülər Əhmədova da barəsində ev dustaqlığı qərarı verilən siyasətçilərdən olub. 2013-cü ilin yanvarında məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılıb. Həmin dövrdə G. Əhmədova mediaya açıqlamasında demişdi:

“Mən hər gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşına, sahə müvəkkilinə evimdə olduğuma dair iltizam verirəm”.

Lakin bir ay sonra, 2013-cü ilin fevralında onun barəsindəki qərar dəyişdirilərək həbs-qətimkan tədbiri ilə əvəz edilib.

Natəvan Mirvətova

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova barəsində də ev dustaqlığı qərarı çıxarılmışdı.

Xalidə Gəray
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button