Zənginlik çoxuşaqlı ailə olmağa əngəldir?

Sosioloq: “Əhalinin mədəni və təhsil səviyyəsi yüksəldikcə çoxuşaqlılığa maraq azalır”
Rusiya Dövlət Dumasının üzvü Oleq Matveyçev qəribə bəyanatla çıxış edib. Deputat deyib ki, ölkədə doğum səviyyəsini həyat səviyyəsini aşağı salmaqla artırmaq olar. O, bu haqda parlamentin ictimai palatasında abortun təbliğatını qadağan edən qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Matveyçevə görə, maddi şəraitin yaxşılaşdırılması demoqrafik böhranın həllinə kömək etmir, əksinə, doğum səviyyəsini aşağı salır. “Biz maddi şəraitin yaxşılaşdırılmasının demoqrafik problemləri həll edə biləcəyi doqmasından birdəfəlik imtina etməliyik. Qlobal təcrübə bunun tam əksini göstərir: insanlar nə qədər yaxşı yaşayırsa, bir o qədər ailədə az uşaq olur”, – deyən deputat bildirib ki, ən yüksək doğum səviyyəsi yoxsul ölkələrdə, ən pisi isə zəngin ölkələrdədir. O, uşaqlı ailələrə maliyyə ödəmələrinin də əleyhinə çıxış edib. Həmçinin qadınların getdikcə daha çox ailə həyatını yox, karyeranı seçdiyini deyib.
Azərbaycanda belə bir deyim var: “Kasıbın nəyi olmasa da, uşaqdan bol olar”. Doğrudanmı insanlar nə qədər yaxşı yaşayırsa, bir o qədər ailədə az uşaq olur? Yəni zənginlik çoxuşaqlı ailə olmağa əngəldir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, əhalinin mədəni və təhsil səviyyəsi yüksəldikcə çoxuşaqlılığa maraq azalır:
“Əhalinin mədəni səviyyəsi artdıqca, təhsil səviyyəsi yüksəldikcə insanlar çoxuşaqlılığa üstünlük vermirlər. Onlar düşünürlər ki, az sayda, lakin keyfiyyətli şəkildə uşaqları böyütsünlər, onlara yaxşı təhsil versinlər, gələcək karyeralarına dəstək olsunlar. Buna görə də müasir ailə modelində ”az, amma keyfiyyətli” prinsipi üstünlük qazanır. Elə bu səbəbdəndir ki, çoxuşaqlı ailələr daha çox regionlarda və aztəminatlı təbəqələr arasında müşahidə olunur”.
Sosioloqun sözlərinə görə, bəzi hallarda sosial müavinətlər də çoxuşaqlılığa dolayı motivasiya yaradır:
“Bəzən sosial müavinətlərin verilməsi çoxuşaqlılığı stimullaşdırır. Aztəminatlı ailələr çox uşağa sahib olmaqla həm sosial müavinət almaq imkanı qazanır, həm də bu yolla maddi vəziyyətlərini bir qədər yaxşılaşdırmağa çalışırlar. El arasında deyildiyi kimi, ”kasıbın nəyi olmasa da, uşağı bol olar”. Bu da bir reallıqdır. Çünki çox uşaqlı ailələrə sosial dəstək mexanizmləri mövcuddur. Məsələn, 5 və daha çox uşağı olan ailələrə müavinətlər verilir. Uşağın doğulması zamanı da birdəfəlik sosial yardım nəzərdə tutulur. Amma 2006-cı ilə qədər isə hər bir uşağa görə ayrıca sosial müavinət verilirdi.
Bir çox ölkələrdə bu məsələ demoqrafik təşviq siyasətinin tərkib hissəsi kimi tətbiq olunur. Məsələn, Rusiyada çoxuşaqlılıq dövlət tərəfindən təşviq edilir. Bir uşağa, iki uşağa və üç və daha çox uşağa görə müavinətlər fərqli məbləğdə verilir. Məqsəd ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirməkdir. Bu təcrübə qardaş Türkiyədə və bir sıra Avropa ölkələrində də mövcuddur. Çünki bu, demoqrafik sabitliyi qorumaq üçün vacib mexanizmdir. Hər kəs yaxşı anlayır ki, varlı və yüksək gəlirli ailələr çoxuşaqlığa maraq göstərmirlər. Onlar bir, ən çoxu iki uşağa üstünlük verirlər. Hətta bəzi hallarda uşaq sahibi olmaq istəməyən ailələr də az deyil”.

Üzeyir Şəfiyev
Üzeyir Şəfiyevin fikrincə, bir tərəfdən təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsi çoxuşaqlılığa marağı azaldırsa, digər tərəfdən aztəminatlı ailələr sosial müavinətlər hesabına güzəranlarını yaxşılaşdırmaq üçün çox uşaq sahibi olmağa meyil göstərirlər:
“Bu, cəmiyyətdə paralel şəkildə baş verən iki prosesdir. Yəni təhsilli və varlı ailələr az uşağa üstünlük verirlər, aztəminatlı ailələr isə çoxuşaqlılığı müəyyən sosial təminat forması kimi görürlər. Rusiya Dövlət Dumasının üzvü Oleq Matveyçevin fikirləri də, çox güman ki, bu məntiqə əsaslanır”.
Sosioloq hesab edir ki, çoxuşaqlılıq təkcə ailə deyil, həm də dövlət üçün strateji məsələdir:
“Ümumilikdə ailələrdə çox uşağın olması dövlət üçün əhəmiyyətlidir. Bu, demoqrafik artım və əhalinin keyfiyyəti baxımından vacib amildir. Dövlətin gücü və potensialı həm də onun əhalisinin gənc və aktiv hissəsi ilə ölçülür. Əgər cəmiyyətdə ahılların sayı gəncləri üstələyirsə, bu, artıq qocalan əhali deməkdir və bu vəziyyət dövlət üçün maliyyə yükü
Sosioloq həmçinin vurğulayıb ki, çoxuşaqlılıq yalnız təbliğ edilməməli, həm də real sosial dəstək mexanizmləri ilə təmin olunmalıdır:
“Əlbəttə, ailələri çoxuşaqlılığa təşviq etmək lazımdır, lakin bunun üçün təkcə uşağın doğulması zamanı birdəfəlik müavinət vermək kifayət deyil. Uşaqların müxtəlif yaş dövrlərinə uyğun sosial dəstək proqramları hazırlanmalıdır. Həmçinin ailə planlaşdıran insanlar da anlamalıdırlar ki, uşağı dünyaya gətirmək məsuliyyətli qərardır. Bu, yalnız doğuş anı ilə bitmir – uşağın təhsili, sağlamlığı, gələcək karyerası, məşğulluğu da nəzərə alınmalıdır. Məhz bu səbəbdən bir çox valideynlər gələcəklə bağlı narahatlıqlarına görə çox uşaq istəmirlər.
Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə statusunun 5 uşaqdan 3 uşağa endirilməsi təklifi müzakirə olunmuşdu. Bu, əslində maraqlı və müsbət yanaşmadır. Çünki əgər 3 uşaqlı ailə çoxuşaqlı hesab edilərsə, 5 uşaqlı ailələrə şamil olunan sosial imtiyazlar artıq 3 uşaqlı ailələrə də tətbiq olunacaq. Bu, yeni evlənən və ailə quran cütlükləri 3 uşaq sahibi olmağa daha çox təşviq edə bilər. Dolayısı ilə bu, demoqrafik artıma da müsbət təsir göstərə bilər. Yəni bu təklif gerçəyə çevrilsə, həm sosial, həm də demoqrafik baxımdan çox faydalı nəticələr verəcək”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”