XANKƏNDİDƏN ZƏNGƏZURA AÇILAN QAPI

2025-ci ilin yayında işğaldan azad olunmuş Xankəndidə beynəlxalq tədbirin – ECO Zirvə Görüşünün keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu fakt Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və beynəlxalq aləmdə qəbulunun sübutudur.
Zirvə görüşünün Xankəndidə təşkili təkcə rəmzi deyil, həm də strateji məna daşıyır. Bu addım Azərbaycan dövlətinin “post-münaqişə” mərhələdəki yeni siyasi kursunu – ərazilərin inteqrasiyası və bərpası siyasətini ortaya qoyur. Prezident İlham Əliyev bu tədbiri Azərbaycanın daxili və xarici siyasətinin uğuru kimi təqdim etdi.
Prezident çıxışında Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh yolu ilə qayıdışının Azərbaycanın daxili və xarici siyasət gündəmində olduğunu vurğuladı. Bu, milli yaddaşın bərpası, hüquqların müdafiəsi və tarixi ədalətin təntənəsi baxımından strateji hədəfdir. Azərbaycan artıq beynəlxalq tribunada bu məsələni gündəmə gətirir və siyasi legitimliyi ilə bu hədəfə yaxınlaşır.
Tədbirdə vurğulanan iqtisadi nailiyyətlər və enerji təhlükəsizliyi sahəsində artan rol, Azərbaycanın bölgədə strateji gücə çevrildiyini sübut edir. Prezidentin 12 ölkəyə qaz ixracından bəhs etməsi Azərbaycanın regional geoiqtisadi oyunçuya çevrildiyini sübut edir.
Prezidentin çıxışında toxunduğu daha bir önəmli məsələ Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız nəqliyyat layihəsi deyil, həm də Azərbaycanla türk dünyasını birləşdirəcək geosiyasi körpü kimi əhəmiyyət daşıyır. Bu perspektiv yaxın gələcəkdə Qərbi Azərbaycan məsələsinin də həlli üçün yeni imkanlar açacaq.
Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan təkcə torpaqlarını azad etməklə kifayətlənmir – ölkə milli kimlik, tarixi yaddaş və hüquqların müdafiəsi istiqamətində ardıcıl və uzaqgörən siyasət aparır. Qərbi Azərbaycana qayıdış məsələsi artıq konseptual siyasi strategiyaya çevrilib. Xankəndidən başlayan bu yolun növbəti ünvanı Zəngəzur və Qərbi Azərbaycandır. Azərbaycanın Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın tam suverenliyini və regionda lider mövqeyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında verdiyi əsas mesajlardan biri, Qarabağ münaqişəsinin artıq bitdiyi və Azərbaycanın öz ərazilərində tam suverenliyinin təmin olunduğu idi. Lakin dövlət başçısının Qərbi Azərbaycanla bağlı dediyi “səylərimizi davam etdirəcəyik” fikri göstərir ki, Azərbaycan üçün strateji tarix yaddaşı və milli hüquqlar məsələsi gündəmdədir. Bu, həm siyasi iradənin, həm də milli-mənəvi ideologiyanın ifadəsidir.
Prezidentin dediyi kimi, Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdışı məsələsi hüquqi əsaslara və beynəlxalq prinsiplərə söykənən sülh yolu ilə həll edilməli bir məsələdir. Azərbaycan bu qayıdışı zorla deyil, siyasi iradə və hüquqi əsaslarla gerçəkləşdirmək niyyətindədir. Bu isə həm daxili sabitlik, həm də beynəlxalq nüfuz baxımından ciddi bir yanaşmadır.
İlham Əliyevin Xankəndidəki çıxışı təsdiqlədi ki, Azərbaycanın Qarabağ siyasəti artıq yekunlaşmaq üzrədir və indi diqqət Qərbi Azərbaycana yönəlib. Bu sadəcə nostalji yox, strateji yanaşmadır. Azərbaycan öz tarixi ədalətini bərpa etmək, milli kimliyini və vətəndaş hüquqlarını qorumaq yolunda qətiyyətlidir. Qayıdış artıq siyasi çağırışdan milli ideyaya çevrilib. Bugünkü Xankəndi sammiti gələcəkdə Zəngəzurda və Qərbi Azərbaycanda keçiriləcək tədbirlərin xəbərçisidir.
Vətənə qayıdışın reallığa çevrilməsi üçün bütün sahələrdə birgə səylər göstərilməli, həmrəylik və milli birlik qorunmalıdır. Bu yolda atılan hər addım, xalqımızın haqqını, ləyaqətini və tarixi mənsubiyyətini bərpa etməyə xidmət edir. İnanırıq ki, yaxın gələcəkdə Qərbi Azərbaycan da öz sahiblərinə qovuşacaq və bütövlükdə Azərbaycan daha da güclənəcəkdir!.
Mədəniyyətin İncəsənətin İnkişafı Və Təbliği İB -in Sədri.