Ermənistan yenə özünü “yandırdı” – absurd iddialara Bakıdan sərt reaksiya

Paşinyanın Türkiyə səfərindən sonra İrəvanın ritorikası sərtləşib
Ermənistan köhnə ampluasındadır. Bir daha əminlik yaranır ki, İrəvanın sülh ritorikası quru sözlərdən ibarətdir. Əks təqdirdə, Ermənistan rəhbərliyi az öncə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qəbul elədiyi “İstanbul bəyannaməsi”ndən və qətnamələrdən, özəlliklə “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamədən xoflanmazdı.
Həmin sənədlərdə Azərbaycanın sülh müqaviləsi ilə bağlı haqlı mövqeyi və iki tələb-şərti, həmçinin qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdış haqqı dəstəklənir, İrəvan bu yöndə konstruktivliyə və real addımlar atmağa çağırılır, Xocalı soyqırımı xatırlanır.
Ermənistan XİN bu yanaşmanı “təhrif olunmuş və birtərəfli mövqe” adlandırır, mətndəki “Qərbi Azərbaycan” ifadəsini isə yenə özünə qarşı ərazi iddiası kimi yozur, Xocalı genosidini növbəti dəfə, rəsmən danır, 60-a yaxın ölkəni faktiki surətdə beynəlxalq hüquqa hörmətsizlikdə ittiham edir və onları sənədlərdən öz imzasını geri götürməyə çağırır. Və bunu on illərlə ərazimizin 20 faizini işğal altında saxlamış, konstitusiyasında hələ də Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarının qaldığı təcavüzkar ölkənin XİN-i bəyan edir!
Halbuki Azərbaycan Konstitusiyasında “Ermənistan” adlı süni dövlətə ərazi iddiası yoxdur. Konstitusiyamızda Ermənistanın hər hansı bölgəsinin adı çəkilmir. Azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıdışı isə ərazi yox, insan haqları məsələsidir.
Bundan əlavə, qonşu ölkənin XİN-i Bakını Qarabağda “etnik təmizləmə” aparmaqda ittiham edib. Beləcə, cəmi 20 ay öncə dünyanın gözü qarşısında baş vermiş könüllü köç “etnik təmizləmə” adlandırılır. Əvəzində isə qonşu ölkə XİN-i azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulmasını dinc köç kimi qələmə verir. Sanki soydaşlarımızı gül-çiçəklə yola salıblar, onlar hətta öz evlərinin rahatca satıb və ya mübadilə ediblər. Üstəlik, bütün bunların fonunda İrəvan altdan-altdan hücum silahları ilə silahlanır.
“Ermənistanın İslam mədəni irsinə hörmətli və qayğıkeş münasibəti hamıya məlumdur və asanlıqla sübuta yetirilə biləndir”. Bu cəfəng iddia da Ermənistan XİN-in bəyanatında yer alıb.
Ermənilərin islami dəyərlərə və mədəni irsə göstərdiyi “sayğını” isə 30 illik işğal dövründə hamı, eləcə də müsəlman ölkələri gördü. Məscidlərin əksəriyyətini yerlə bir edən, “Allah evləri”ndə donuz, inək saxlayanlar yəqin yadplanetlilər imiş…
Bəs rəsmi İrəvanın bu davranışını necə oxuyaq? Paşinyan Türkiyə səfərindən sonra niyə radikallaşıb?

Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatının qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı ideyanı dəstəkləməsi Azərbaycan diplomatiyasının uğurudur. Ermənistan hakimiyyəti isə Azərbaycanın bu uğurunu həzm edə bilmir. Ermənistan XİN-in verdiyi reaksiya və oradakı iddialar da bununla bağlıdır. Burada Paşinyanın Türkiyəyə etdiyi səfərin xüsusi təsirinin olması inandırıcı deyil: “Ola bilsin ki, Paşinyana Türkiyə səfərində rəsmi Ankaranın Azərbaycanla münasibətlərin düzəldilməsinin vacibliyi və Ermənistan-Türkiyə əlaqələrinin necə olacağının bundan xeyli asılı olduğu barədə mesajından İrəvan razı qalmayıb. Lakin narazılığını İslam Əməkdaşlıq Təşkilatının qətnaməsinə münasibətdə ifadə etdiyi düşüncəsində deyiləm. Paşinyanın Türkiyə səfəri olmasaydı belə, İslam Əməkdaşlıq Təşkilatının ədalətli, Azərbaycanın xeyrinə qətnamə qəbul etməsinə Ermənistan öz xislətinə xas formada bu cür reaksiya verəcəkdi. İrəvan bilir ki, Qərbi Azərbaycana qayıdışın çox ciddi siyasi, hüquqi əsasları var. İslam Əməkdaşlıq Təşkilatı kimi böyük beynəlxalq təşkilatın qəbul etdiyi qətnamə də Azərbaycanın əlini gücləndirir. Buna görə də ermənilər narahat olublar. Məlumdur ki, Qərbi Azərbaycana Qayıdış konsepsiyası da mövcuddur. Bununla bağlı beynəlxalq dəstəyin əldə olunması, yeni hüquqi bazanın formalaşdırılması da olduqca vacibdir. Bütün bunlar – bir müddət öncə Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasının Astanada qəbul edilən bəyanatında Qərbi Azərbaycana qayıdışın dəstəklənməsi, indi isə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin görüşündə milli məqsəd və vəzifənin qəbul edilməsi onu göstərir ki, biz öz amalımıza çatırıq. Ermənistan hakimiyyəti də bunun fərqindədir və buna görə ənənəvi böhtan və hay-küyçülüklərini yenə ortaya qoyurlar. Şübhəsiz ki, İslam Əməkdaşlıq Təşkilatındakı ölkələr cılız Ermənistanın məntiqsiz və diplomatik etik normaları pozan çağırışına məhəl qoymayacaqlar”.

Arzuxan Əlizadə
Milli Məclisin deputatı Arzuxan Əlizadə isə bildirdi ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Həmin ərazilərdə 30 il ərzində qanunsuz məskunlaşdırılan ermənilər ərazilər Azərbaycan tərəfindən azad olunduqdan sonra özləri köçüb getdilər: “Suriyadan, Livandan, Ermnistandan ermənilərin işğaldakı Azərbaycan ərazilərinə köçürüldüyünü bugünlərdə Bakıda məhkəməsi gedən Araik Arutyunyan da açıq şəkildə bəyan etdi. Ermənilərin Azərbaycanın həmin ərazilərdən zorla köçürülməsi, deportasiya edilməsini təsdiqləyən bir dənə də olsun fakt yoxdur. Ermənistan heç bir dəlil-sübuta əsaslanmayan boş bəyanatlar verməkdən başqa bu məsələdə heç nə edə bilmir və edə bilməz. Ermənistan adlanan dövlətin ərazisindən isə yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, evlərindən güc yolu ilə kütləvi deportasiya olunub. Bunu təsdiqləyən saysız-hesabsız sübutlar var. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu zaman çıxışlarının birində Ermənistan ərazisində sayı yüz minlərlə olan azərbaycanlıları son nəfərlərinədə Ermənistandan çıxardıqlarını fəxrlə söylədiyini nümayiş etdirən video ötən il yayıldı. Təkcə Ter-Petrosyanın orada dediyi fikirlər Ermənistanın azərbaycanlıları deportasiya etdiyini beynəlxalq məhkəmələrdə sübuta yetirmək üçün kifayətdir. Qərbi azərbaycanlılar məsələsində Ermənistan get-gedə küncə sıxışmaqdadır. Buna görə də ənənəvi böhtan, qara yaxma siyasətinə əl atırlar. Aqressiyası da bundan qaynaqlanır. Öz aləmlərində qabaqlayıcı addım atmaq istəyirlər”.
Deputat qeyd etdi ki, Nikol Paşinyan Türkiyəyə səfərində Türkiyənin Azərbaycanın mövqeyini nəzərə alaraq hərəkət edəcəyinə əmin olub: “Artıq Paşinyan fərqindədir ki, Türkiyənin mövqeyi Azərbaycanın mövqeyi və tələbi ilə tam olaraq üst-üstədir. Ermənistanın aqressiyası müəyyən qədər buradan qaynaqlanır. Paşinyan növbəti parlament seçkiləri ərəfəsində özünə hansısa divident əldə etmək üçün müxtəlif gedişlər etməkdədir. İstəddiyinə nail ola bilmir. Aqressiya həm də oradan qaynaqlanır. Ermənistanın bu cür ritorikası bizə təəccüblü gəlməməlidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”