
Azərbaycan tarixində dərin iz buraxmış faciələrdən biri də 31 Mart Azərbaycanlıların Soyqırımı kimi tanınan qanlı hadisələrdir. Bu tarix xalqımızın yaddaşında yalnız bir gün deyil, həm də milli kimliyimizə, birliyimizə və mübarizə ruhumuza vurulan ağır zərbə kimi yaşayır.1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri və bolşevik qüvvələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə günahsız azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixi mənbələr göstərir ki, bu hadisələr təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin nəticəsi idi. Məqsəd Azərbaycan xalqını öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, milli varlığını məhv etmək idi.Bu faciə zamanı yalnız insanlar deyil, eyni zamanda yaşayış məntəqələri, məktəblər, məscidlər, tarixi və mədəni abidələr də dağıdılmış, xalqımızın maddi-mənəvi irsinə ağır zərbə vurulmuşdur. Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilmiş, Qubada kütləvi məzarlıqlar formalaşmışdır ki, bu da törədilən vəhşiliklərin miqyasını açıq şəkildə sübut edir.Uzun illər ərzində bu hadisələrə lazımi hüquqi və siyasi qiymət verilməsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra bu istiqamətdə mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmağa başlanmışdır. Bu qərar tariximizin unudulmaması, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Bu gün 31 Mart təkcə anım günü deyil, həm də bir çağırışdır tariximizi unutmayaq, milli birliyimizi qoruyaq və gələcək nəsillərə həqiqətləri olduğu kimi çatdıraq. Bu faciələrdən nəticə çıxarmaq, xalq olaraq daha güclü və həmrəy olmaq hər birimizin borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Unutmadıq, unutmayacağıq!
Nərgiz Həsənova: Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbinin direktoru.