Gündəm

Bərdədə muğam konserti təqdim edilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə qastrol səfərləri təşkil edilir. Layihə çərçivəsində dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzinin solistləri Bərdə Mədəniyyət Mərkəzində möhtəşəm muğam konserti ilə çıxış ediblər. Tədbirdə Bərdə şəhər ictimaiyyət nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər. Konsertdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artist, Qarabağ Universitetinin kafedra müdiri Səbuhi İbayev, Qarabağ Universitetinin müəllimi Səbinə Ərəbli, xanəndələr Nisbət Sədrayeva, Elgiz Əliyev, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Aytac Bəybalayeva, Vüsal Qasımov muğam və təsniflər, xalq mahnılarından ibarət zəngin proqramla çıxış ediblər. Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental heyət – Rəşad İbrahimov(tar), Təbriz Yusubov (kamança), Amil Mustafayev(nağara), Rafael Əsgərov(balaban), Solmaz Rəhimova (qanun) və Nihad Qədirli (bas tar) müşayiət edib. Muğam ifaçılarının rəngarəng çıxışları Bərdə sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsert Bərdənin mədəni mühitinin canlanmasına öz töhfəsini verib. Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin- xüsusilə gənclərin – asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button