
2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş “Məni dinləyin…” adlı mono-dramanın təqdimatında iştirak etdim.“Azərbaycan İncəsənət Məktəbi” MMC-nin təşəbbüsü, Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə sürrealizm üslubunda hazırlanmış səhnə cəmiyyətin bəzən fərqli gördüyü insanların daxili dünyasına pəncərə açdı. Tamaşa bir daha göstərdi ki, hər bir insanın eşidilməyə, anlaşılmağa və qəbul olunmağa ehtiyacı var. Xüsusilə autizm spektrli uşaqların hiss və düşüncələrinin sənət dili ilə ifadəsi olduqca təsirli və düşündürücü idi.Bu cür təşəbbüslər cəmiyyətimizdə inklüzivliyin gücləndirilməsi, humanist dəyərlərin təşviqi və xüsusi qayğıya ehtiyacı olan insanlara həssas yanaşmanın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.Tamaşanın emosional təsirini gücləndirən mühüm amillərdən biri də Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusundan seçilmiş dərin məzmunlu nümunələrin səhnə quruluşuna daxil edilməsidir. Poetik parçalar əsərin estetik dəyərini daha da artıraraq onun bədii təsirini zənginləşdirmişdir.Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və həssas yanaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial siyasət sözügedən sahədə davamlı inkişafı təmin edir. Eyni zamanda, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan humanitar layihələr və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına verdiyi töhfələr bu kimi təşəbbüslərin uğurla həyata keçirilməsində mühüm rol oynayır.Tədbirin yüksək səviyyədə təşkilinə görə əməyi keçən hər kəsə təşəkkür edir, səhnədə çıxış edən istedadlı gənclərimizə uğurlar diləyirəm. Bütün uşaqlar sevgi, diqqət və dəstəyə layiqdir.
Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.











