Əslən Dərələyəz mahalının Civə kəndindən olan din xadimi Şuşa şəhərində məsciddə Qurani-Kərim tilavət etmişdir.

Tərtər rayonunun axundu Cəfərov Sadiq Cəlal oğlu müqəddəs Şuşa torpağında, məsciddə şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq Qurani-Kərimdən ayələr oxumuşdur.
Bu mənəvi dəyəri yüksək olan məkanda səslənən ayələr və edilən dualar Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın ruhuna ithaf olunmuş, onların xatirəsinin daim yaşadıldığını bir daha nümayiş etdirmişdir.
Şuşada yüksələn bu ilahi səslər yalnız dini mərasim kimi deyil, eyni zamanda xalqımızın şəhidlərə olan sonsuz sevgisinin, dərin hörmətinin və sədaqətinin bariz ifadəsi kimi yadda qalmışdır. Bu addım həm də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hacı Sadiq Cəfərov Qərbi Azərbaycanın qədim yurdlarından olan Dərələyəz mahalının Civə kəndində anadan olmuşdur. Onun ailəsi köklü dini ənənələrə malikdir. Babası Molla Abbas İrəvan şəhərində yerləşən tarixi Göy məsciddə uzun illər axund kimi fəaliyyət göstərərək dini maarifçiliyin inkişafına mühüm töhfələr vermişdir. Bu irs Hacı Sadiqin həyat və fəaliyyətində də aydın şəkildə öz əksini tapır.
Qərbi Azərbaycana dərin bağlılığı ilə seçilən axund Sadiq Cəfərov yüksək vətənpərvərliyi, milli kimliyə sədaqəti və dini-mənəvi dəyərlərin təbliği sahəsində gördüyü işlərlə tanınır. O, cəmiyyət arasında həm ruhani lider, həm də mənəvi dayaq kimi böyük nüfuz qazanmışdır.
2009-cu ildən etibarən Tərtər rayonunun axundu kimi fəaliyyət göstərən Hacı Sadiq, bölgədə dini maarifçiliyin gücləndirilməsi, gənclərin düzgün istiqamətləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. 2023-cü ildən isə Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi kimi fəaliyyətini davam etdirərək həm dini, həm də ictimai sahədə mühüm xidmətlər göstərir.
Onun bu cür təşəbbüsləri və fəaliyyəti bir daha sübut edir ki, milli yaddaşın yaşadılması, şəhidlərimizin ruhuna ehtiram və dini-mənəvi dəyərlərin qorunması hər bir azərbaycanlı üçün müqəddəs borcdur.