Hörmətli həmvətənlər!

Son bir neçə gündür Bərdə rayonunun Yeni Daşkənd kəndinin girişində yerləşən yanacaq doldurma məntəqəsi ilə bağlı ictimaiyyət arasında müzakirələrə səbəb olan məsələlərlə əlaqədar olaraq rayon mediası olaraq həmin ünvana baş çəkdik.
Yanacaq doldurma məntəqəsində olduğumuz zaman bizi Azər adlı şəxs qarşıladı. O bildirdi ki, yanacaq doldurma məntəqəsi və market onlara məxsusdur. Onun sözlərinə görə, dayısı Qurban tərəfindən 2016-cı ildə 110 min manat qarşılığında sözügedən ərazi, eləcə də həmin sahədə SSRİ dövründən qalmış 1 tapançalı kolonka yeri – yəni daş-çınqıla döşənmiş ərazi satın alınmışdır. Daha sonra Azər qeyd etdi ki, dayısı Qurbanın və özünün birgə iştirakı ilə ərazi tamamilə abadlaşdırılıb və hazırda fəaliyyət göstərən obyektlər sıfırdan yenidən inşa olunub.
Azər məsələ ilə bağlı kifayət qədər şahidlərin olduğunu vurğulayaraq bildirib: “İstəyən hər kəs kənd sakinlərindən soruşaraq bu faktları təsdiqlədə bilər.”
Qeyd edək ki, yanacaq doldurma məntəqəsində apardığımız çəkiliş zamanı bu məsələ ilə bağlı şəhid övladı olan, eyni zamanda özü də qazi olan Kərimov Mir Zahid də bizə müsahibə verərək mövzu ilə bağlı mövqeyini açıqlayıb.
Daha sonra Yeni Daşkənd kəndinə üz tutaraq bir neçə kənd sakini ilə görüşüb onların da fikirlərini öyrəndik. Kənd sakinləri bildiriblər ki, sözügedən obyekt 2016-cı ildə tikilib və həmin vaxtdan etibarən indiki sahibi tərəfindən idarə olunur.
Yerli əhali də obyektin məhz hazırkı sahiblər tərəfindən inşa edildiyini təsdiqləyib.
Bununla yanaşı, son günlərdə yayılan məlumatlarda adı çəkilən bəzi şəxslərin obyektin sahibi olmadığı, sadəcə işçi kimi fəaliyyət göstərdiyi də yerli sakinlər və obyekt rəhbərliyi tərəfindən bildirilib.
Sonda hüquqi dövlət prinsiplərinə sadiq qalaraq ümid edirik ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən obyektiv və şəffaf şəkildə araşdırılacaq və müvafiq dövlət orqanları tərəfindən rəsmi hüquqi qiymət veriləcəkdir.
Rayon mediası olaraq məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq hadisə yerində olmaq, tərəfləri dinləmək və mövzunu operativ şəkildə işıqlandırmağı özümüzə peşə borcu hesab edirik