“SOVET ERMƏNİSTANI” QƏZETİNİN REDAKTORLARI

26 sentyabr 1939-cu ildən “Sovet Ermənistanı” adı ilə nəşr edilən qəzetin ilk məsul redaktoru ictimai xadim Cəfər Vəlibəyov olmuşdur. O, qəzetin redaktoru vəzifəsinə ictimai əsaslarla təyin edilmişdir. Ümumiyyətlə, həmin dövrlərdə istər mərkəzi, istərsə də rayon qəzetlərinə redaktor rəsmi təşkilatların vəzifəli şəxsləri məsul edilirdilər və bir qayda olaraq Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təyin olunurdular. Qəzetin 1946-cı il 36-cı nömrəsinədək redaktor Cəfər Vəlibəyov, 37-58-ci nömrələrdə isə Yusif Abbasov redaktor müavini kimi göstərilir. 1940-cı il 59-65-ci nömrələrdə yenidən məsul redaktor kimi ortaya çıxır. 1940-cı ildə cəmi 302 nömrəsi işıq üzü görən qəzetin səhifələrində məsul redaktor kimi Cəfər Vəlibəyovun adına müəyyən fasilələrlə 4 dəfə, Yusif Abbasovun redaktor müavini kimi adına 3 dəfə rast gəlinir. 1941-ci ildə 310 nömrəsi çap olunmuş qəzetin bütün nömrələrində məsul redaktor Cəfər Vəlibəyov olmuşdur.
1942-ci il 11 iyun tarixli 136-cı nömrəsində qəzetin məsul redaktoru Salman Rəhimov olmuşdur. Onun redaktorluğu cəmi bir gün çəkmişdir. 1942-ci ildə qəzetin cəmi 301 nömrəsi çap olunmuşdur. Həmin ilin 130-150, 158-190 və 236-301-ci nömrələrində Cəfər Vəlibəyov qəzetin məsul redaktoru, 151-157 və 191-231-ci nömrələrində qəzetin məsul redaktor əvəzi Salman Rəhimov, 232-235-ci nömrələrində isə Yusif Abbasov redaktor müavini kimi göstərilmişdir. Qəzetin 1943 və 1945-ci il nömrələrini ardıcıl izlədikdə çox qısa müddətdə redaktor əvəzi Əziz Nağıyevin və redaktor müavini isə Məmməd Xəlilovun adlarına rast gəlinir. 1943-cü ildə qəzetin 299, 1944-cü ildə isə 306 nömrəsi çap olunmuşdur.
26 sentyabr 1939-cu ildən 1945-ci il yanvar ayının 26-na kimi “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov olmuşdur.
1945-ci il yanvarın 28-dən etibarən qəzetin məsul redaktor əvəzi Rəhim Allahverdiyev təyin edilmişdir. 1946-cı il mart ayının 7-dək bu vəzifədə çalışan Rəhim Allahverdiyev martın 8-dən etibarən qəzetin məsul redaktoru olmuşdur. O, 1947-ci il dekabr ayının 8-nə kimi qəzetin məsul redaktoru vəzifəsində çalışmışdır. 1945-ci ildə qəzetin 158, 1946-cı ildə 153, 1947-ci ildə 180 nömrəsi çap olunmuşdur. Həmin dövrlərdə çox qısa müddətdə qəzetə redaktor müavini kimi rəhbərlik etmiş Məmməd Xəlilov və Lətif Hüseynovun adlarına da rast gəlmək olur. Rəhim Allahverdiyev 1948-ci il deportasiyası Azərbaycan köçməyə məcbur olmuşdur. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarına uyğun olaraq 1947-ci il dekabrın 19-dan qəzetin məsul redaktoru vəzifəsinə yenidən Cəfər Vəlibəyov təyin edilmişdir. Cəfər Vəlibəyov eyni zamanda qəzetin ən məhsuldar qələm sahiblərindən idi və tez-tez müxtəlif səpkili mövzularla çıxış edirdi.
1948-ci il yanvar ayının 1-dən etibarən qəzetin radaktoru vəzifəsinə Rza Vəlibəyov təyin olunmuş və o, 10 iyul 1949-cu il tarixinədək qəzetin məsul redaktoru vəzifəsində çalışmışdır. 1948-ci ildə qəzetin 13-27, 131-156, 71-82 və 123-124-cü nömrələrində qəzetin məsul redaktor müavini kimi Lətif Hüseynovun adı göstərilir. 12 iyul 1949-cu ildən Cəfər Vəlibəyov 4-cü dəfə qəzetin redaktoru vəzifəsinə təyin edilmişdir. Əslində erməni şovinist dairələri qəzetdə tez-tez kadr dəyişmələrini həyata keçirməklə onlar üçün yaranmış əlverişli “tarixi” şəraitdən istifadə edərək Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin ahəngdar fəaliyyətini əngəlləyərək, öz məkrli məqsədlərinə nail olmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda ictimai, ədəbi-mədəni mühitin aparıcı nümayəndələrindən olan Cəfər və Rza Vəlibəyov qardaşlarının qəzetə redaktorluq etdikləri dövrlərdə “Sovet Ermənistanı” qəzeti bütün sahələrdə inkişaf etmiş, onların dirənişi sayəsində erməni şovinist dairələri lazımi səviyyədə olmasa da, bu mətbu orqana müəyyən qədər diqqət yetirməyə məcbur olmuşdular. Ən çətin dövrlərdə onlar qəzetin bütün ağırlığını öz çiyinlərində daşımışdılar. “Zəngi” qəzetində müxbirlikdən başlamış, sonralar məsul redaktorluğa kimi yüksəlmiş Cəfər və Rza Vəlibəyov qardaşları ilə vaxtilə birlikdə çalışanlar onları qəzetin populyarlaşmasında böyük xidməti olan rəhbər işçi və peşəkar jurnalist kimi bu gün də minnətdarlıqla xatırlayırlar. Araşdırmalar göstərir ki, qəzetin ən uzunmüddətli məsul redaktoru Cəfər Vəlibəyov olmuşdur. Çox qısa fasilələrlə məsul redaktor vəzifəsi 22 dəfə redaktor müavini Əli Həsənova həvalə edilmişdir. Əli Həsənov 1949-1960-cı ilədək “Sovet Ermənistanı” qəzeti redaksiyasında ilk illərdə partiya həyatı şöbəsinin müdiri, sonra isə redaktor müavini vəzifəsində işləmişdir. Həmin illlərdə redaktor müavini kimi üç dəfə Lətif Hüseynovun adına rast gəlinir. 1950-ci ildə qəzetin 264, 1955-ci ildə 258, 1956-cı ildə 261, 1957-ci ildə 258, 1958-ci ildə 260, 1959-cu ildə isə 256 nömrəsi çap olunmuşdur.
30 dekabr 1959-cu ildə redaktor vəzifəsi yenidən Əli Həsənova həvalə edilir. O, 1-135-ci nömrələrdə qəzetin redaktor müavini, 136-172-ci nömrələrdə isə redaktor əvəzi kimi göstərilir. 1960-cı il avqust ayının 30-dan etibarən isə qəzetin redaktoru vəzifəsinə Həbib Həsənov təyin edilir və 1973-cü ilə kimi bu vəzifədə çalışır. Onun redaktorluq etdiyi dövrlərdə “Sovet Ermənistanı” qəzetinin tirajı 18-20 min yüksəlmiş, aktual mövzuları əhatə edən yazılar oxucuları daha çox cəlb etmişdir. Əvvəllər qəzetdə müxbir işləmiş təcrübəli jurnaist, yetkin mətbuat təşkilatçısı Həbib Həsənovun qəzetə redaktorluq etdiyi dövrü 1966-cı illərdə “Sovet Ermənistanı” qəzetində çalışmış, sonra isə məsul katib işləmiş görkəmli ictimai xadim Hidayət Orucov belə xarakterizə edir: “Həbib Rəhimoğlu respublikanın müxtəlif bölgələrindən neçə-neçə istedadlı gənci İrəvana dəvət edərək işə götürdü, kollektivi cavanlaşdırdı. O, bütün Zaqafqaziyada ən təcrübəli və uzunömürlü qəzet naşiri idi”. Onun istər qəzetin redaksiyasına, istərsə də bölgələr üzrə işə götürdüyü müxbirlər Səfiyar Musayev, Qəşəm Aslanov, Allahyar Rəhimov, Qurban Əzizov, Kazım Novruzov, Nüsrət Sadıqov, Nəcəf Şabanov və b. sayəsində Qərbi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitdə canlanma yaranmışdı. Həbib Həsənovun qəzetə redaktorluğu dövründə 1960-cı ildə qəzetin 258, 1961-ci ildə 253, 1962-ci ildə 254, 1963-cü ildə 175, 1964-cü ildə 155, 1965-ci ildə 156, 1966-cı ildə 153, 1967-ci ildə 157, 1968-ci ildə 152, 1969-cu ildə 153, 1970-ci ildə 152, 1971-ci ildə 156, 1973-cü ildə isə 155 nömrəsi çap olunmuşdur.
1974-cü il mart ayının 1-dən qəzetin 6-cı redaktoru Məhərrəm Bayramov olmuşdur. Lakin onun redaktorluq dövrü çox böyük faciəvi sonluqla başa çatmışdır. O, 1981-ci il yanvar ayının 6-da İrəvanda “Polyak” ləqəbli erməni killer tərəfindən güllələnərək qətlə yetirilmişdir. Bu qətl erməni şovinist dairələri tərəfindən əvvəlcədən planlı şəkildə hazırlanmış, qəddarcasına düşünülmüş hadisə idi. Bu hadisəni 1988-ci ilin sonu, 1989-cu ilin əvvəlində azərbaycanlıların kütləvi şəkildə köçürülməsi prosesinə hazırlığın başlanğıcı hesab etmək olar. Çünki böyük nüfuza sahib azərbaycanlı dövlət xadiminin qətlə yetirilməsi, ardınca 1983-cü ildə aprelin 24-də Zəngibasar hadisələrinin baş verməsi bunun təzahürüdür. Əvvəllər bolşevizm pərdəsi arxasında gizlənmiş erməni millətçiliyi bu hadisələrdən sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı bütün sahələrdə açıq-aşkar özünü qabarıq şəkildə göstərməyə başladı.
Məhərrəm Bayramovun qəzetə redaktorluq etdiyi 1974-cü ildə 154, 1975-ci ildə 156, 1976-cı ildə 156, 1977-ci ildə 156, 1978-ci ildə 156, 1979-cu ildə 156, 1980-ci ildə 156 çap olunmuşdur. Göründüyü kimi, həmin illərdə qəzetin nəşri və nömrələri arasında heç bir fərq nəzərə çarpmır.
Qəzetin redaktoru vəzifəsi 1981-ci il yanvar ayının 8-dən etibarən bu mətbu orqanın redaktor müavini İsrafil Məmmədova həvalə edilmişdir. O, bu vəzifəni 1981-ci il may ayının 26-na kimi yerinə yetirmişdir. 1981-ci il may ayının 27-də “Sovet Ermənistanı” qəzetinə redaktor Cahangir Əliyev təyin edilmişdir. O, 1984-cü il dekabr ayının 11-nə kimi bu vəzifədə çalışmışdır. Həmin illərdə qısa fasilələrlə qəzetin redaktoru İsrafil Məmmədov olmuşdur. Cahangir Əliyevin vaxtında qəzetin 1981-ci ildə 156, 1982-ci ildə 156, 1983-cü ildə 156, 1984-cü ildə 156 nömrəsi çap olunmuşdur.
1985-ci il yanvarın 21-də qəzetin səkkizinci redaktoru Zərbəli Qurbanov olmuş və 1988-ci il dekabr ayının 6-na kimi – qəzetin 146-cı nömrəsinədək bu mətbu orqanına rəhbərlik etmişdir. Amma qəzetin 3 yanvar 1989-cu il tarixli 2-ci nömrəsi də Zərbəli Qurbanovun redaktorluğu ilə çıxmışdır. Yanvar ayının ortalarından etibarən qəzetin redaktoru vəzifəsinə İsrafil Məmmədov təyin edilmiş, 1989-cu ilin 1 iyul tarixinə kimi qəzetin redaktoru vəzifəsində çalışmışdır. Qəzetin 1989-cu ildə nəşr olunduğu həmin altı aylıq dövrü araşdırdıqda bu mətbu orqanın bəzən həftədə bir dəfə, bəzən də uzunmüddətli fasilələrlə çap edildiyi aydın olur. Qəzetin həmin dövr nömrələrini ardıcıl nəzərdən keçirdikdə bir nəfər də olsun azərbaycanlı müəllifin imzasına rast gəlinmir. İ.Məmmədov “Sovet Ermənistanı” qəzetinin 9-cu – sonuncu redaktoru olmuşdur. 1985-ci ildə qəzetin 156, 1986-cı ildə 156, 1987-ci ildə 156, 1988-ci ildə 148, 1989-cu il yanvar ayının 1-dən həmin il iyul ayının 1-nə kimi isə cəmi 33 nömrəsi çap olunmuşdur. 1989-cu ildə azərbaycanlı əhalinin öz tarixi torpaqlarından kütləvi şəkildə zor gücünə son nəfərinədək qovulmasından sonra “Sovet Ermənistanı” qəzetinin də fəaliyyəti dayandırılmışdır.
Bir sıra problemlərə, maneələrə baxmayaraq, müxtəlif illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifəsində çalışmış Cəfər Vəlibəyov (1939; 1945; 1947; 1949-1959), Salman Rəhimov (1942), Rəhim Allahverdiyev (1945-1947), Rza Vəlibəyov (1948-1949), Həbib Həsənov (1960-1973), Məhərrəm Bayramov (1974-1981), Cahangir Əliyev (1982-1984), Zərbəli Qurbanov (1985-1988) və İsrafil Məmmədovun (1989) özünəməxsus xidməti bu gün də böyük minnətdarlıqla yad edilir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent.