3 Avqust 2022-ci ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı, Vətən müharibəsindən sonra da suverenliyimizə yönəlmiş təxribatlara qarşı sarsıdıcı cavab və güclü xəbərdarlıq oldu.

Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan dövləti və Ordusu torpaqlarımızda və sərhədlərimizdə baş verən istənilən təhlükəyə, təxribata, qanunsuzluğa qətiyyətlə və vaxtında cavab verməyə qadirdir.
Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərin davamı olan bu əməliyyat həm də regionda sülhün və sabitliyin güclü və ədalətli mövqe ilə mümkün olduğunu sübut etdi. Bu həm də, erməni məsələsindən siyasi təsir rıçaqı kimi istifadə edən dairələrə ünvanlanmış açıq və qətiyyətli mesaj idi.
Azərbaycanın iradəsinə zidd heç bir siyasi və hərbi aktivlik uğur qazana bilməz.
“Qisas” əməliyyatı Azərbaycanın milli ləyaqətinin, hərbi qüdrətinin və strateji iradəsinin təntənəsi, şəhidlərimizin qanının yerdə qalmadığının bariz nümunəsi idi.
Dövlətimiz güclüdür!
Ordumuz yenilməzdir!
Suverenliyimiz toxunulmazdır!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
03 Avqust 2025-ci il