Deputat: “Prezidentin çıxışı strateji yol xəritəsi idi”

“Müstəqil Azərbaycanın müasir tarixində strateji əhəmiyyət daşıyan tədbirlərdən biri – III Şuşa Qlobal Media Forumu bu il yenidən Qarabağ torpaqlarında, Xankəndidə keçirilərək, həm simvolik, həm də geosiyasi mesajlarla yadda qaldı”.
Bu sözləri Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Prezident İlham Əliyevin Forum çərçivəsindəki geniş və dərin məzmunlu çıxışı Azərbaycan yeni dünya nizamında etibarlı tərəfdaş, regional lider və qlobal proseslərdə söz sahibi olan ölkə kimi mövqeyini möhkəmləndirdiyini bir daha sübut etdi:

“Cənab Prezidentin Forumun açılışında vurğuladığı kimi, artıq üçüncü ildir bu mötəbər platforma Qarabağda təşkil olunur və bu, Azərbaycanın suverenliyinin təntənəsi ilə yanaşı, həm də informasiya və analitik məkanda sülh, inkişaf və əməkdaşlıq çağırışlarının mərkəzə çevrildiyini göstərir.
Ölkə başçımızın çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri də COP29-a ev sahibliyi edən Azərbaycanın iqlim gündəliyinə verdiyi töhfə oldu. Azərbaycan artıq öz enerji siyasətini yaşıl iqtisadiyyat üzərində quraraq, nəinki regionda, həm də qlobal miqyasda ekoloji məsuliyyət daşıyan dövlət kimi nüfuz qazanıb.
Prezident İlham Əliyevin ifadəsi ilə desək, Azərbaycanın yaşıl keçid strategiyası reallığa əsaslanan, eyni zamanda planetin qorunması missiyasına xidmət edən bir siyasətdir. Bu yanaşma ölkəmizin iqtisadi suverenliyini qoruyaraq müasir trendlərə cavab verir”.
Millət vəkili qeyd edib ki, Forum çərçivəsində çıxış edən Prezident Zəngəzur dəhlizinin nəqliyyat və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini xüsusi vurğuladı:
“Azərbaycanın illərdir yaratdığı logistika infrastrukturunun bu gün regionu birləşdirən əsas arteriyaya çevrildiyi bir zamanda, Ermənistanın bu proseslərdən könüllü şəkildə təcrid olunması bir seçim deyil, siyasi məsuliyyətsizliyin nəticəsidir.
Cənab Prezidentin “Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır” fikri əslində regionun gələcəyini müəyyən edən və reallığı ifadə edən mövqedir. Azərbaycanın möhkəm iradəsi və sistemli siyasəti nəticəsində Cənubi Qafqaz artıq sabitlik və əməkdaşlıq platformasına çevrilməkdədir.
Forum zamanı cənab Prezident bir daha bəyan etdi ki, Ermənistanla sülh sazişinin təşəbbüskarı məhz Azərbaycandır. Sülh gündəliyinin irəli aparılması, yeni reallıqların yaradılması, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruması, Cənubi Qafqazda dayanıqlı sülhə aparan yeganə yoldur.
Dövlət başçısının “Biz qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız” sözləri Azərbaycanın bu istiqamətdə prinsipial və qətiyyətli siyasətini bir daha təsdiqlədi”.
Günay Ağamalı diqqətə çatdırıb ki, Forum çərçivəsində Böyük Qayıdış proqramının miqyasını səciyyələndirən faktlar Azərbaycanın nəinki əraziləri işğaldan azad etdiyini, eyni zamanda bu torpaqlarda həyatın bütün sahələrini yenidən bərpa etdiyini göstərdi:
“Dövlət başçısı qeyd etdi ki, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, yaşayış məntəqələrinə köç sürətlənir, Şuşa-Füzuli-Xocalı-Laçın magistralları və tunel infrastrukturu dünyanın diqqətindədir. Bu, təkcə iqtisadi deyil, həm də milli ruhun dirçəlişidir.
Forumda cənab Prezident beynəlxalq aktorlarla münasibətlərin müxtəlif aspektlərinə də toxundu. ABŞ, Çin, Özbəkistan, Latın Amerikası və Afrika ölkələri ilə əməkdaşlıq istiqamətləri Azərbaycanın qlobal miqyasda necə tarazlı və çoxşaxəli siyasət yürütməsini göstərir. Xüsusilə Çinə dair ifadə edilən qarşılıqlı etimad və ABŞ ilə yeni mərhələyə daxil olan münasibətlər Azərbaycan diplomatiyasının çevikliyini və strateji baxışını əks etdirir”.
Deputat onu da əlavə edib ki, Azərbaycan mediasının son illərdə beynəlxalq informasiya məkanında qazandığı uğurlar da İlham Əliyevin çıxışında xüsusi yer aldı: “Forum çərçivəsində verilən mesajlar bir daha göstərdi ki, Azərbaycan yalnız müdafiədə deyil, həm də hücumda olan, prinsipial, analitik və dövlət maraqlarını qorumağı bacaran mediaya sahibdir.
Bu həm də informasiya savaşında dövlətimizin gücünün göstəricisidir. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı regiona və dünyaya ünvanladığı strateji yol xəritəsi idi.
Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcını əks etdirən bu çıxış yalnız bu günün deyil, sabahın da aydın konturlarını ortaya qoyur. Qlobal çağırışlar qarşısında prinsipiallıq, regional proseslərdə liderlik və milli maraqlara söykənən realizm Azərbaycanın gələcəyə doğru inamlı irəliləyişinin əsas dayaqlarıdır”.
Elmir Mustafa
“Cebheinfo.az”
Cənab Prezidentin
Deputat onu da əlav