Gündəm

Xocalı Soyqırımı – XX əsrin faciəsi

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər.Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.Xocalı bir çox cəhətlərinə görə öz özəlliyi ilə seçilir. Birincisi, Xocalı heç bir ciddi hərbi texnika və istehkamlara malik olmayan bütövlükdə mülki yaşayış məskəni idi. Buna görə ağır texnika ilə şəhərə hücum heç bir hərbi zərurətə malik olmadığından hərbi cəhətdən heç cür əsaslandırıla bilməz. Beləliklə, bu zəruri olmayan və artıq güc tətbiqi idi. İkincisi, Xocalıya hücum hərbi əməliyyatların dövlətlər-arası mərhələsinin başlanması dövrünə təsadüf edir. Bu səbəbdən şübhəsiz Ermənistan növbəti təcavüzkar əməliyyatlarını həyata keçirməkdə psixoloji üstünlük əldə etmək məqsədilə azərbaycanlıları qorxutmaq niyyətini güdürdü. Erməni qəddarlığının misilsiz dərəcəsi, o cümlədən erməni işğalçıları tərəfindən əhalinin yaxın məsafədə və xüsusi amansızlıqla öldürülməsi və ardınca meyitlərin üzərində aparılan təhqiredici hərəkətlər bu nəticəyə gəlmək üçün şübhə yaratmayan əsaslar verir. Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə (təcrid olunmuş) hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir.1992-ci ilin fevralında Xocalı ilə yanaşı, növbəti 2 il ərzində Ermənistan Dağlıq Qarabağ regionun digər ərazilərini və ona bitişik yeddi rayonu işğal etmişdir. Ermənistan işğal etdiyi ərazilərdə bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla etnik təmizləmə fəaliyyəti həyata keçirmiş və münaqişə zamanı digər ciddi cinayətlər törətmişdir.2020-ci ilin sentyabrında Azərbaycan ordusunun əks hücum əməliyyatı nəticəsində 30 il ərzində  işğal altından qalan torpaqlar azad edilmişdir.Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

 Gülöyşə Azad qızı Əhmədzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button