Gülüş hədəfi EDİLƏN uşaqlar: Nənəş, Kimyə, Cunaqız adlarını kim və NİYƏ seçir?

Cari ilin ilk 3 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 261 nəfərin adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan bir hissəsi yalnız adını, qalanlar isə adını və soyadını, eləcə də adını, soyadını və ata adını birlikdə dəyişdirib.
Qeyd edilib ki, adın dəyişdirilməsi səbəbləri daha çox adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə bağlıdır. Nazirlikdən verilən məlumata görə, Qanvoy, Ulçin, Radə, Mamed, Nənəş, Kimyə, Cunaqız kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.
Bəs niyə bəzi valideynlər hələ də uşaqlarına gələcəkdə problem yarada biləcək adlar qoyurlar? Bu cür adların seçilməsi daha çox savadsızlıqdan, yoxsa ənənəvi düşüncədən qaynaqlanır? Dövlət bu məsələdə nəzarəti artırmalıdırmı, yoxsa bu tamamilə valideyn seçimi olaraq qalmalıdır?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb. O, qeyd edib ki, bu məsələdə ilk öncə adların milliləşdirilməsi olduqca vacibdir: “Çünki bir millət həm də öz adı ilə tanınır. Yəni ad və soyad millətin bir növ pasportudur. Biz haradasa çıxış edəndə və yaxud əcnəbi ilə ünsiyyətdə olanda ilk olaraq adımızı, bəzən də soyadımızı deyirik. Təbii ki, bu da qarşı tərəfdə bizim haqqımızda ilkin təsəvvür yaradır.
Təəssüflər olsun ki, Azərbaycan yüzillərdir türk toplumu olsa da, əcnəbi adların təsiri altındadır. Hətta bu təsir min ildən çoxdur davam edir. İlk mərhələdə bu, fars adları ilə bağlı olub. Tarixi dövrlərdə farsların bu ərazilərdən keçməsi, türklərlə birlikdə yaşaması və ya eyni dövlətin tərkibində olması nəticəsində bizdə fars adları kök salmağa başlayıb. İkinci mərhələdə isə, konkret olaraq VII əsrdən etibarən ərəb adları üstünlük təşkil etməyə başlayıb. Bu gün Azərbaycandakı şəxsi adların böyük əksəriyyəti ərəb mənşəlidir. Halbuki biz türk toplumuyuq və adlarımız da türk olmalıdır. Amma bu gün uşağa türk adı qoyanlara bəzən qəribə baxılır. Cəmiyyətə çıxanda görürük ki, Məhəmməd, Abdullah, Hüseyn, Həsən, Osman kimi adlar daha çox eşidilir və diqqət çəkir. Halbuki bu adların heç biri türk mənşəli deyil və onların dominantlığı açıq şəkildə hiss olunur.
Bundan başqa, son iki yüz ildə rus və ümumilikdə Qərb adları da cəmiyyətimizə daxil olub və kifayət qədər yayılıb. Hətta bu gün belə, Raul kimi bizim milli kimliyimizə yad olan adları uşaqlarına verən valideynlər var. Eyni zamanda, dilə yatmayan, səslənişi ağır olan və daşıyan insanı çətin vəziyyətə salan adlar da mövcuddur. Burada əsas sual ortaya çıxır: bu qədər ad seçimi imkanı olduğu halda, niyə bəzi valideynlər övladlarına belə qəribə və uyğun olmayan adlar qoyurlar?”
Azərt Həsrətin fikrincə, artıq Azərbaycan cəmiyyəti təkcə bu cür qeyri-adi adlardan deyil, eyni zamanda ərəb, fars, rus və digər yad mənşəli adlardan da tədricən imtina etməlidir: “Ən böyük problemlərdən biri isə rus soyad sonluqlarının – “-ov”, “-yev” formalarının hələ də geniş şəkildə qorunub saxlanılmasıdır. Bu məsələdə artıq dövlət daha ciddi addımlar atmalıdır. Konkret olaraq, yeni doğulan uşaqlara bu cür soyad sonluqlarının verilməsi məhdudlaşdırılmalıdır.
Bununla yanaşı, 18 yaşına çatmamış şəxslərin soyadlarının kütləvi şəkildə dəyişdirilməsi üçün xüsusi proqramlar həyata keçirilə bilər. Bu məqsədlə xüsusi masalar, səyyar xidmət avtobusları təşkil olunmalı, hətta böyük məhəllələrdə və universitetlərdə müraciət nöqtələri yaradılmalıdır ki, gənclər rahat şəkildə öz soyadlarını dəyişə bilsinlər. Yəni milli kökə qayıdış vacibdir, bu, artıq zərurətə çevrilib. Diqqəti yalnız qəribə və uğursuz adlara yönəltməklə problemi həll etmiş sayılmırıq. Ümumilikdə yanaşma dəyişməlidir. Azərbaycan bir türk toplumudur və bu toplumda yad mənşəli ad və soyadların üstünlük təşkil etməsi normal hal kimi qəbul olunmamalıdır”.
Xalidə Gəray,
Musavat.com