Dost və tərəfdaş ölkə

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricilərindəndir. Prezidentlərin Qəbələdə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, mətbuata bəyanatlarla çıxış etdilər. Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır: “Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır”.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdi:.” Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi”.
Azərbaycan Respublikası və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafa təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin inkişafında Xarici İşlər nazirləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.
Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında bildirdi ki, bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq. Ukrayna Prezidenti onu da əlavə etdi ki, biz, eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq: “Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”.
Azərbaycan və Ukrayna strateji tərəfdaşlıq əlaqələrini bütün sahələrdə uğurla inkişaf etdirmək istəyindədir və bunu real addımları ilə təsdiqləyirlər. Məhz bu reallıqlara söykənərək dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Azərbaycanın ikitərəfli əməkdaşlıqda qazandığı uğurlar davamlıdır. Ukrayna Prezidentindən sonra aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə səfər etdi. Aprelin 27-də Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babiş ilə Qəbələdə təkbətək və geniş tərkibdə görüşü oldu. Mətbuata birgə bəyanatlarında ölkələrimiz arasında əlaqələrin inkişaf tarixinə xüsusi diqqət yönəldilərək, ayrı-ayrı zamanlarda imzalanan sənədlərin münasibətlərimizin daha da möhkəmləndirilməsində rolu qeyd edildi. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır. Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda Azərbaycanın iqtisadi uğurlarından və əlaqələrin inkişafı üçün mövcud imkanlardan geniş bəhs etdi. Bildirdi ki, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. Son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz. Bu əminlik də ifadə edildi ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.
Azərbaycan-Çexiya biznes-forumu bir daha təsdiqlədi ki, iki ölkənin münasibətləri yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşir.