İnsanlara nur bəxş edən fədakar insan

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanımın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. O, Azərbaycan tibb elmində silinməz iz qoyub. Zərifə xanım Əliyeva Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr verib, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə şöhrət qazanıb. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq-alim 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib.
Zərifə xanım Əliyeva kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Zərifə xanım Əliyevanın həkimlik sənəti ilə bağlı söylədiyi “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır” fikirlərini xüsusi qeyd etmək istərdik. Xalq yazıçısı Elmira Axundova “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında qeyd edir: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi. Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.
Görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb. Akademik Zərifə Əliyeva incə və zərif ruhlu xanım, mehriban ana, qayğıkeş həkim kimi nəcib və xeyirxah keyfiyyətləri ilə diqqətdə olub. İnsanlara nur bəxş etmək missiyasını layiqincə yerinə yetirən, qayğıkeşliyi və nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.
Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, adına küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. onun adının əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın çoxdankı arzularından idi. Oftalmologiya Mərkəzi görmə qabiliyyətində problem olan hər kəsin pənah gətirdiyi yerdir. Klinikanın fəaliyyəti dövründə respublikamızın şəhər və rayonlarından gələn yüz minlərlə xəstəyə yüksək səviyyəli xidmət göstərilmişdir. O cümlədən, yaşadığı müddətdə respublikamızın ən yüksək keyfiyyətli oftalmoloji avadanlıqlarla təchiz edilməsində də Zərifə xanımın misilsiz xidmətləri olmuşdur. Zərifə xanım Əliyevanın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.