
Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda ən dərsverici səhifələrindən biri olan 31 Mart Soyqırımı, təkcə keçmişin faciəsi deyil bu günümüzün milli şüurunu formalaşdıran, gələcəyimizə istiqamət verən bir həqiqətdir. 1918-ci ilin mart-aprel aylarında baş verən bu qanlı hadisələr zamanı minlərlə günahsız insan yalnız milli və dini kimliyinə görə amansız şəkildə qətlə yetirildi, şəhər və kəndlər viran qoyuldu, mədəni irsimizə ağır zərbələr vuruldu.Bu hadisələr təsadüfi deyil, planlı və məqsədyönlü şəkildə həyata keçirilmiş siyasi cinayət idi. Məqsəd Azərbaycan xalqını zəiflətmək, onun iradəsini qırmaq və tarix səhnəsindən silmək idi. Lakin tarix bir daha sübut etdi ki, bu xalq sarsılsa da, heç vaxt sınmır.Bu gün isə biz artıq fərqli bir mərhələdəyik. Azərbaycan yalnız faciələrini xatırlayan deyil, həm də tarix qarşısında ədaləti bərpa edən bir dövlətdir. Xalqımızın uzun illər içində topladığı ağrı, qürur və iradə nəhayət ki, öz tarixi nəticəsini verdi. Bu baxımdan İkinci Qarabağ müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun dirçəlişi oldu.Artıq biz zəfər qazanmış bir ölkəyik. Bu zəfər yalnız torpaqların azadlığı ilə ölçülmür -bu, həm də tarix boyu xalqımıza qarşı törədilmiş cinayətlərin cavabsız qalmadığının, ədalətin gec də olsa bərpa olunduğunun simvoludur. 31 Mart faciəsində qətlə yetirilən günahsız insanların ruhu qarşısında borcumuz, məhz bu gün güclü dövlət, sarsılmaz birlik və qətiyyət nümayiş etdirmək idi və biz bunu bacardıq.Bu gün 31 Martı anarkən biz yalnız hüzn keçirmirik. Biz həm də başıuca, qalib xalq kimi tariximizə sahib çıxırıq. Çünki artıq bu yaddaş yalnız kədər üzərində qurulmur- bu yaddaş zəfərlə, qürurla və bərpa olunmuş ədalətlə tamamlanır.Tarixini unutmayan və ondan dərs çıxaran xalq məğlub olmur. Azərbaycan xalqı bunu həm keçmişi ilə, həm də qazandığı zəfərlə sübut etdi. 31 Mart artıq təkcə faciənin deyil – həm də milli dirçəlişin, siyasi iradənin və qələbə ilə nəticələnən mübarizənin simvoludur.
İncəsənətin Tərəqqisinə Dəstək İBSədri Turanə Orucova