
Son dövrlərdə sosial mediada bəzi şəxslər tərəfindən aparılan qarayaxma kampaniyaları artıq sistemli xarakter almağa başlayıb. Xüsusilə ictimai-siyasi fiqurlara qarşı yayılan əsassız və yoxlanılmamış məlumatlar təsadüfi deyil.Bu tip paylaşımların məzmununa və yayılma formasına baxdıqda belə qənaətə gəlmək olur ki, burada təkcə fərdi təşəbbüs yox, müəyyən maraqlara xidmət edən koordinasiyalı fəaliyyət elementləri mövcuddur. Məqsəd isə aydındır — cəmiyyət daxilində çaşqınlıq yaratmaq, nüfuzlu şəxslərə qarşı süni mənfi rəy formalaşdırmaq və ictimai etimadı zədələmək.Bu, artıq sadəcə sosial media davranışı deyil, informasiya təhlükəsizliyi məsələsidir. Çünki dezinformasiyanın geniş yayılması uzunmüddətli perspektivdə cəmiyyətin sabitliyinə və sağlam düşüncə mühitinə zərbə vurur.Media nümayəndələri unutmamalıdırlar ki, söz azadlığı məsuliyyət deməkdir. Peşə etikası, faktların yoxlanılması və obyektivlik prinsipləri pozulduğu halda jurnalistika öz mahiyyətini itirir və alətə çevrilir.Hesab edirik ki, bu cür hallara qarşı daha prinsipial mövqe ortaya qoyulmalı, həm hüquqi, həm də ictimai müstəvidə lazımi tədbirlər görülməlidir. Eyni zamanda cəmiyyət də daha ayıq olmalı, manipulyativ informasiyalara qarşı müqavimət göstərməlidir. Ceyhun Əlibəy Ana Vətən Partiyası Cəbrayıl rayon təşkilatı sədri