Valideynlərə ŞAD xəbər – Azyaşlılara nəzarəti gücləndirmək üçün…

Vatsap mesajlaşma proqramı azyaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan hesabları tətbiq etməyə başlayıb. Yeni funksiya istifadəçilərə xidmətdən istifadəni mesaj və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər övladlarının hesabına kimin əlaqə saxlaya biləcəyi və hansı qruplara qoşula biləcəyi daxil olmaqla, nəzarət edə biləcəklər.
Həmçinin, naməlum göndərənlərin mesaj sorğularına baxa və məxfilik parametrlərini idarə edə bilərsiniz. Bu parametrlərə giriş altırəqəmli PIN kodu ilə qorunur. Belə ki, bu funksiya mərhələli şəkildə qlobal olaraq istifadəyə verilir, ona görə də giriş tədricən əlçatan ola bilər. Onu aktivləşdirmək üçün uşağın cihazına vatsap quraşdırın, qeydiyyat zamanı “Valideyn tərəfindən idarə olunan hesab yaradın” seçimini edin, onların telefon nömrəsini və doğum tarixini yoxlayın, sonra QR kodundan istifadə edərək övladınızın hesabını sizinkinə bağlayın və PİN kodu təyin edin.
Yeni tətbiqin valideynlər və uşaqlar üçün praktik faydası nə olacaq?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, bu məsələdə mühüm olan valideyn nəzarətidir:
“Xatırladım ki, 27 fevral 2026-cı ildə dövlət başçısı tərəfindən imzalanan sərəncam əslində cəmiyyət üçün olduqca mühüm və zamanın tələbinə uyğun bir addım idi. Bu sənəd rəqəmsal mühitdə uşaqların zərərli informasiyalardan qorunmasına yönəlmiş yeni və daha konkret yanaşmanı ortaya qoydu. Sərəncam imzalandıqdan sonra ictimai müzakirələrdə də xüsusi olaraq vurğulandı ki, bu məsələ yalnız dövlətin və ya texnoloji platformaların deyil, eyni zamanda, valideynlərin də birbaşa məsuliyyət sahəsidir. Yəni bu sənəd bir növ cəmiyyətə mesaj idi ki, uşaqların rəqəmsal təhlükəsizliyi kollektiv yanaşma tələb edir.
Əslində bu istiqamətdə hüquqi baza əvvəllər də mövcud idi. Məsələn, uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanunvericilik aktları, eləcə də informasiya təhlükəsizliyi haqqında qanunlar qəbul olunmuşdu. Lakin son sərəncamın fərqi ondadır ki, burada əsas fokus məhz rəqəmsal mühit üzərinə yönəlib. Çünki artıq reallıq dəyişib – uşaqların sosiallaşdığı əsas məkan küçə deyil, virtual aləmdir. Ona görə də bu mühitdə təhlükəsizlik məsələsi daha da aktuallaşıb.
Sərəncamda üç əsas istiqamət xüsusi diqqət mərkəzindədir. Birinci istiqamət uşaqların məlumatlandırılması ilə bağlıdır. Burada söhbət yalnız ümumi maarifləndirmədən getmir, həm də uşaqların internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılmasından gedir. Hətta bu məqsədlə məktəb kurikulumlarına yeni mövzuların daxil edilməsi məsələsi də gündəmə gətirilir. Yəni uşaqlar artıq erkən yaşdan rəqəmsal savadlılıq, təhlükəsiz internet istifadəsi və informasiya seçimi kimi bacarıqlara yiyələnməlidirlər.
İkinci istiqamət hüquqi aspektlərlə bağlıdır. İnternet resurslarından istifadə zamanı hüquqlar və məsuliyyətlər məsələsi burada əsas yer tutur. Lakin bu sahədə ən diqqətçəkən məqamlardan biri valideyn məsuliyyətinin xüsusi vurğulanmasıdır. Açıq şəkildə qeyd olunur ki, valideynlər övladlarının rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət etməlidirlər. Əslində, bu, yeni tələb deyil – valideynlər əvvəllər də bunu etməli idilər. Sadəcə olaraq, indiki dövrdə bu məsələ daha həyati əhəmiyyət daşıyır. Çünki bu gün sosial şəbəkələrdə və internet resurslarında uşaqlar bəzən valideynlərdən daha aktiv və daha “təcrübəli” istifadəçiyə çevriliblər”.
Sosioloq qeyd edib ki, məhz burada ciddi bir problem ortaya çıxır: valideynlərin vaxt və texniki bilik baxımından imkanları:
“Reallıq ondan ibarətdir ki, bir çox hallarda uşaqlar internetdən istifadə bacarıqlarına görə valideynlərini qabaqlayırlar. Onlar müxtəlif tətbiqləri quraşdıra, istifadə edə və silə bilirlər, bəzən valideynin bundan, ümumiyyətlə, xəbəri olmur. Bu isə nəzarət mexanizmini çətinləşdirir. Ona görə də valideynlərin özlərinin də rəqəmsal savadlılığının artırılması zəruri məsələ kimi ortaya çıxır. Valideyn internet resurslarını, sosial şəbəkələrin iş prinsipini və təhlükələrini anlamadan effektiv nəzarət həyata keçirə bilməz”.
Üzeyir Şəfiyev həmçinin vurğulayıb ki, mövcud vəziyyətdə internet mühitində ciddi boşluqlar da qalmaqdadır. Onun sözlərinə görə, ən böyük problemlərdən biri süzgəc mexanizmlərinin yetərli səviyyədə olmamasıdır:
“Bu gün bir çox platformalarda “sarı informasiya”, etik normalara zidd paylaşımlar, zorakılıq və ya mənəvi baxımdan zərərli kontent açıq şəkildə yayıla bilir. Xüsusilə bəzi populyar sosial şəbəkələrdə bu tip məzmunun qarşısını almaq üçün effektiv filtrasiya sistemləri ya zəifdir, ya da kifayət qədər işləmir.
Məhz buna görə də yalnız valideyn nəzarəti ilə kifayətlənmək yetərli deyil. Daha yaxşı olardı ki, sosial şəbəkə platformalarının özləri də məsuliyyətlərini artıraraq daha güclü süzgəc mexanizmləri tətbiq etsinlər. Əgər bu cür mexanizmlər effektiv şəkildə işləsə, zərərli informasiyanın yayılmasının qarşısı ilkin mərhələdə alınar və uşaqlar bu tip kontentlə, ümumiyyətlə, qarşılaşmazlar”.
Xalidə Gəray,
Musavat.com