Cəmiyyət

Bərdədə şəhid Elməddin Hüseynzadənin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Bərdə rayonunda Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Elməddin Hüseynzadənin 28-ci doğum günü dərin ehtiramla anılıb. Bununla əlaqədar olaraq Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində anım tədbiri təşkil olunub.
Tədbirdə şəhid ailələri, rayonun idarə və müəssisələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, təşkilat rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Çıxış edənlər şəhid Elməddin Hüseynzadənin Vətənə sonsuz sədaqətindən, göstərdiyi şücaətdən və keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillər üçün böyük vətənpərvərlik nümunəsi olacaq.

Tədbir çərçivəsində məktəbin şagirdləri tərəfindən şəhidlərə həsr olunmuş musiqi nömrələri, vətənpərvərlik ruhunda şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim olunub. Səsləndirilən çıxışlar və təqdim olunan kompozisiyalar iştirakçılar tərəfindən böyük maraq və duyğularla qarşılanıb.

Sonda şəhid Elməddin Hüseynzadənin əziz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Tədbir iştirakçıları şəhidimizin anası Arzu anaya yaxınlaşaraq ona dərin hörmət və ehtiramlarını ifadə edib, ailənin kədərini bölüşüblər. Çıxışlarda bildirilib ki, Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimiz xalqımızın qürur mənbəyidir və onların xatirəsi hər zaman uca tutulacaq. Qeyd olunub ki, belə igid oğulların göstərdiyi şücaət və vətənpərvərlik gələcək nəsillər üçün böyük örnəkdir. Vurğulanıb ki, şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla anılacaq, onların ailələri isə dövlətin və cəmiyyətin hər zaman diqqət və qayğısı ilə əhatə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button