
Məlum olduğu kimi, 6 fevral səhər saatlarında Bakı şəhərində yerləşən “İdrak” liseyində hamımızı dərindən sarsıdan hadisə baş verdi. Mövzunun detallarına çox toxunmayacağam, hamımıza məlumdur. Məsələyə ümumi dəyərləndirmə etsək, görərik ki, yeni təhsil sistemi bəzi hallarda müəllim və şagird arasında ciddi fərqlər qoyaraq, müəllimi çox zaman şagird qarşısında alçaldır. Bu səbəbdəndir ki, “azad” gənclik adı altında xeyli gəncimiz öz dəyərlərindən uzaqlaşaraq uçuruma doğru gedir. Öncələr təhsil sistemində müəllim adının bir ağırlığı var idi, müəllim bir dəyər idi. Lakin topal qalan o dəyər sistemini dünən bir şagird odlu silahla öldürdü… Yəni bu gün başımıza bunlar gəlirsə, səbəbkarı axtarmaq əvəzinə nəticəni gözəlləşdirməyə fokuslanmalıyıq. Övladlarımızı doğru tərbiyə edərək cəmiyyətə buraxmalıyıq. Unutmamaq lazımdır ki, bir övladı ən yaxşı tərbiyə edən ailə, sonra müəllimdir. Əgər ailə tərbiyə verməyi bacarmazsa, sıra müəllimə çatdıqda, dünən olduğu kimi, yaralı qalar. Biz müəllimləri yaralı qoymamaq naminə övladlarımıza ilkin olaraq mənəviyyatı aşılamalıyıq, yoxsa mənəviyyat zamanla deqradasiyaya uğrayar. Əgər bir valideyn övladına tərbiyə vermək əvəzinə, onun əlinə planşet verirsə, deməli, o valideynin ciddi problemləri var. Əslində, valideynlər tərbiyə etməyə özlərindən başlamalıdırlar. Orta əsrlərdə yaşamış məşhur sosioloq İbn Xəldun qeyd edir ki: “Övladlarınızı tərbiyə etməyə çalışmayın, özünüzü tərbiyə edin, yetərlidir. Çünki övladlarınız sizə bənzəyəcəkdir”. Bir az öncə qeyd etmişdim ki, səbəbkara fokuslanmayaq. Səbəbkar məqalənin davamında özü ortaya çıxacaqdı və elə də oldu. Səbəbkar doğru tərbiyə etməyən valideyndir. Unutmamaq lazımdır ki, ailə kiçik bir cəmiyyətdir. Ailələr düzgün formalaşarsa, cəmiyyət də formalaşar.İbrətli bir hekayə ilə məqaləmi sonlandırmaq istəyirəm.“Bir iş adamı uzun və yorucu həftənin sonunda, bazar səhəri şirin-şirin gərnəşib yataqdan qalxdı. Qəzetini əlinə alıb öz-özünə dedi: “Bu gün bütün günü evdə oturacağam…” Tam xəyallara dalmışdı ki, oğlu qaçaraq gəldi: Atacan, parka nə vaxt gedirik?Həftənin əvvəlində oğluna söz vermişdi ki, onu parka aparacaq. Birlikdə qaçıb oynayacaqdılar. Amma heç cür çölə çıxmaq həvəsində deyildi… Oğlunun xətrinə dəymədən bu vəziyyətdən çıxmalı idi. Birdən qəzetin hədiyyə verdiyi dünya xəritəsi gözünə sataşdı. Xəritəni götürüb kiçik hissələrə ayırdı və oğluna uzatdı: Əgər bu dünya xəritəsini düzəldə bilsən, səni parka aparacağam.Canı rahatlamışdı. “Harada qalmışdım,” deyib səhər keyfinə geri döndü. Qəhvəsini içə-içə qəzetini oxumağa başladı. İçindən keçirdi: “Oh, bu gün də canım qurtardı. Ən yaxşı coğrafiya professorunu da gətirsən, bu xəritəni axşama qədər bərpa edə bilməz”.Hələ heç on dəqiqə keçməmişdi ki, oğlu təngnəfəs halda, həyəcanla qaçıb gəldi. Atacan, artıq parka gedə bilərik, – Xəritəni düzəltdim.Ata qulaqlarına inanmayıb baxmaq istədi. Görəndə isə mat qaldı. Bir müddət udqundu, səsi çıxmadı. Gözlərini ovuşdurdu, gördüklərinə inana bilmirdi. Üzünü oğluna tutub: Bunu necə etdin, oğlum? – deyə soruşdu.Uşaq cavab verdi: Atacan, mənə verdiyin xəritənin arxasında bir insan şəkli var idi. İnsanı düzəltdim, dünya da öz-özünə düzəldi…”Sağlıqla qalın…
Ömər Hüseynli Tarix: 07.02.2026 Ana Vətən Partiyasının sədr müavini Saat: 12:59