Mədəniyyət

“İbrahim Köçkün — Müqəddəs Sözün və Qələmin Şairi”

Şair İbrahim Köçkün Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair və pedaqoq İbrahim İsgəndər oğlu Qurbanov (İbrahim Köçkün) 15 noyabr 1937-ci ildə Göyçə mahalında anadan olmuş, 9 aprel 2016-cı ildə Bakıda vəfat etmişdir. Yaradıcılığı boyunca sözün mənəvi gücünü, qələmin müqəddəsliyini və insan ruhunun dərinliklərini ifadə edən şair zəngin poeziya irsi ilə oxucuların yaddaşında silinməz iz qoymuşdur.

“Qələm” şeiri İbrahim Köçkünün ədəbiyyata və sözün yaratdığı mənəvi dəyərə verdiyi yüksək qiymətin bariz nümunəsidir.

QƏLƏM

(İbrahim Köçkün)

Bəşərdən də əvvəl sən yaranıbsan,
Müqəddəs göylərdə olubsan, qələm,
İlk insan alnına xoş tale yazan,
Mələklər əlində gəlibsən, qələm.

Göylərin vəhyini yerdə yazıbsan,
Möcüzə də yazıb, sirr də yazıbsan.
İtəni, batanı bir də yazıbsan,
Əbədi müqəddəs qalıbsan, qələm.

Kövrəksən kömürdən, sərtsən poladdan,
Kağızda ovulub, daşları oyan,
Yalçın qayalarda dərin iz qoyan,
Tişəsən zəfərlər çalıbsan, qələm.

Aqillər əlinə keçib yazıbsan,
İlham çeşməsindən içib yazıbsan.
Müdriklər kəlamın seçib yazıbsan,
“Qızıl qələm” adı alıbsan, qələm.

Deyilən hər bir söz atılan oxdu,
Yazılmasa onun məkanı yoxdu.
Yazılmamış arzum, diləyim çoxdu,
Köçkünə sən borclu qalıbsan, qələm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button