12 Noyabr – Azərbaycan Dövlətçiliyinin Qürur Günü

Azərbaycan dövlətçiliyi tarixinin qızıl səhifələrindən biri 12 Noyabr günüdür. 1995-ci ilin məhz bu günündə Azərbaycan xalqı milli iradəsini, müstəqilliyə sadiqliyini və dövlətçiliyə sədaqətini bir daha nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edildi.
Bu tarixi sənəd xalqın iradəsinin, azadlığının və suverenliyinin ali rəmzi, dövlətimizin hüquqi, siyasi və mənəvi dayağıdır. Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yolunu müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm əsaslar yaratdı.
Konstitusiya təkcə qanunlar toplusu deyil, həm də xalqın mənəvi birliyinin, milli kimliyinin və dövlətçilik düşüncəsinin təcəssümüdür. Onun hər bir maddəsində müstəqilliyimizin ruhu, milli dövlətçilik ənənələrimizin nəfəsi duyulur.
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi konstitusion prinsiplərə sadiq qalaraq, güclü dövlətçilik və qalib xalq modelini formalaşdırıb. Azad, suveren, qüdrətli Azərbaycanın hər bir uğuru bu möhkəm hüquqi təməl üzərində yüksəlir.Güclü ordu, dayanıqlı iqtisadiyyat, vətəndaş həmrəyliyi və milli birliyin mənbəyi də məhz bu Konstitusiyanın ruhundan qidalanır.
12 Noyabr – Azərbaycan xalqının dövlətə, ədalətə və qanuna sədaqətinin təntənəsidir. Bu gün hər bir vətəndaş qürurla söyləyir:Yaşasın Azərbaycan dövləti! Yaşasın müstəqilliyimizin təminatçısı Konstitusiyamız!
QMƏVŞAİB-in Bərdə rayon şöbəsinin sədri
Etibarr Huseynova