Şəhidlərimizin igidliyi və fədakarlığı Azərbaycan xalqının milli qürurunun simvoludur.

27 Sentyabr – Şəhidlərimizi Anım Günü
Hər il 27 sentyabr tarixi Azərbaycan xalqı üçün dərin mənəvi əhəmiyyət daşıyan gündür. Bu gün 2020-ci ilin Vətən Müharibəsində canlarından keçərək torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi anılır. Şəhidlərimizin igidliyi və fədakarlığı Azərbaycan xalqının milli qürurunun simvoludur. Vətən Müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək üçün böyük şücaət göstərmişlər. Prezident İlham Əliyevin uzaqgörən strateji rəhbərliyi və qətiyyətli qərarları sayəsində Azərbaycan Ordusu tarixi zəfərə imza atmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
Şəhidlərimiz, vətən uğrunda canlarını fəda etməklə, yalnız bizim üçün deyil, bütün gələcək nəsillər üçün də əbədi nümunə yaratmışlar. Onların göstərdiyi igidlik və vətənpərvərlik, Azərbaycanın hər bir vətəndaşının qəlbində əbədi yaşayacaqdır. 27 sentyabr həm də şəhid ailələrinə dəstək günüdür. Dövlətimiz onların sosial müdafiəsini gücləndirir, maddi və mənəvi dəstək göstərir. Bu gün şəhidlərin xatirəsi yalnız rəsmi mərasimlərdə deyil, xalqımızın gündəlik həyatında da yad edilir. Azərbaycan xalqı bu müqəddəs günlərdə bir daha təsdiqləyir ki, vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi əbədi yaşayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər zaman şəhidlərinin ruhuna hörmət və ehtiramını qoruyacaq, onların ideallarını gələcək nəsillərə çatdıracaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik. Onların şücaəti və fədakarlığı xalqımızın tarixində əbədi qalacaqdır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə Nümayəndəsi Günel Cəfərova.
