Cəmiyyət

“Konstitusiya dəyişiklikləri Azərbaycanı yeni idarəetmə modelinə aparır – Naxçıvan vilayətə çevrilə bilər”

“Azərbaycan 2025-ci ildə mühüm siyasi və hüquqi dəyişikliklər mərhələsinə qədəm qoyur. Bu dəyişikliklər sadəcə texniki düzəlişlər yox, dövlətin idarəetmə modelində və hüquqi arxitekturasında əsaslı yenilənmələrdir. Konstitusiyaya təklif olunan düzəlişlər həm milli suverenliyin gücləndirilməsi, həm də idarəetmədə funksional mexanizmlərin yenidən qurulması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu baxımdan təsadüfi deyil”.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib. Onun sözlərinə görə, qarşıdan gələn referendum post-münaqişə dövründə Azərbaycanın yeni dövlətçilik mərhələsinə keçidi ilə bağlıdır. Konstitusiya islahatlarının məqsədi hüquqi sistemin müasirləşdirilməsi, idarəetmədə çevikliyin artırılması və milli qanunvericiliyin beynəlxalq mexanizmlərə bağlılığının minimuma endirilməsidir.

O əlavə edib ki, bu dəyişikliklər bir neçə istiqaməti əhatə edir. Birincisi, işğaldan azad olunmuş ərazilərdə yeni hüquqi və inzibati idarəetmə modelinə keçid üçün konstitusion baza yaradılır. İkincisi, suverenlik anlayışının yenidən tərifi ilə beynəlxalq müqavilələrə istinadın azaldılması və daxili hüququn prioritetə çevrilməsi nəzərdə tutulur. Üçüncüsü, rəqəmsal dövrün çağırışlarına cavab olaraq informasiya təhlükəsizliyi və elektron idarəetmə ilə bağlı hüquqi boşluqların aradan qaldırılması planlaşdırılır. Dördüncüsü isə Prezident və hökumət strukturları arasında səlahiyyət bölgüsü təkmilləşdiriləcək.

O bildirir ki, bu dəyişikliklər çərçivəsində Naxçıvan Muxtar Respublikasının statusu da dəyişə bilər. Zaur Məmmədovun sözlərinə görə, çox güman ki, Konstitusiyadan “muxtar respublika” ifadəsi çıxarılacaq və əvəzində “vilayət” anlayışı tətbiq olunacaq:”Bu halda Naxçıvanın ayrı qanunverici və icraedici strukturları ləğv olunacaq, yerli icra hakimiyyəti başçıları isə birbaşa Prezident tərəfindən təyin ediləcək. Bu, vahid mərkəzdən idarəetmə modelinə keçidi nəzərdə tutur”.

Zaur Məmmədov əlavə edib ki, Konstitusiya dəyişiklikləri təkcə Naxçıvanla məhdudlaşmır:”Ümumilikdə regional və yerli idarəetmədə də əsaslı struktur islahatlar olacaq. Sovetdən qalma icra hakimiyyəti institutu tarixə qovuşacaq, onun yerini isə koordinasiya əsaslı dövlət nümayəndəlikləri alacaq. Bu dəyişikliklər institusional səmərəlilik və vahid hüquqi məkanın təmin olunmasına yönəlib”.

O qeyd edir ki, bu referendum Konstitusiyanın 3-cü maddəsinə əsasən xalqın birbaşa iradəsinin ifadəsi olaraq həyata keçiriləcək və dəyişikliklərə hüquqi legitimlik qazandıracaq. Bu da dövlət vətəndaş münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər.

Afaq Mirayiq,
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button