Gündəm

Yüksək səviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri

Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.

Yeddi ildir ki, Birinci vitse-prezident vəzifəsində öz fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın bu dövrdə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür.

Prezident İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Mehriban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir.

İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur, yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adı tarixə qızıl hərflərlə yazılır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Mehriban xanım da öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında, istərsə də beynəlxalq səviyyədə gördüyü nəcib və humanist işlərlə Azərbaycanı bütün dünyada uğurla təmsil edir. Bu xeyirxah əməlləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan qadınının uğurudur.

Bu gün Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Görülən bu işlər xeyirxah və tərəqqipərvər missiyanın bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsinə şahidlik edirik.

Öz xeyirxahlığı və insansevərliyi sayəsində həm milli, həm də beynəlxalq səviyyədə milyonlarla insan üçün örnək olan parlaq bir şəxsiyyət kimi böyük hörmət və nüfuz qazanmış Mehriban xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini 26 avqust – Doğum günü münasibətlə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.

Nərgiz Həsənova,
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button