8 dekabr El şairi Sərraf Şiruyənin anım günüdür

Bu gün 8 dekabr, sözə ömür verən, elinə-obasına, Göyçə dərdlərinə, Qarabağ igidlərinin qəhrəmanlığına misralarında ölməzlik qazandıran Hacıyev Şiruyə Həsən oğlunun (Sərraf Şiruyə) anım günüdür.Sərraf Şiruyə 11 sentyabr 1942-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində, tanınmış şair Həsən Xəyallının ailəsində dünyaya göz açmışdı. Uşaqlıqdan atasından ərəb və fars dillərini öyrənmiş, ilk şeirlərini cəmi doqquz yaşında yazmışdı.1953-cü ildə ailəsi ilə birlikdə Göyçə mahalından deportasiya olunması onun yaradıcılığında həm nisgil, həm də böyük bir vətən həsrəti kimi iz qoydu. Təhsilini əvvəl doğma Daşkənddə, daha sonra Bərdədə davam etdirən Sərraf Şiruyə 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsinə daxil olmuş, 1968-ci ildə ali təhsilini başa vurmuşdu.Gənc yaşlarında həm müəllimlik etmiş, həm maarifçilik fəaliyyəti aparmış, həm də 1963–1964-cü illərdə Baltikyanı Saarema adasında hərbi xidmət keçmişdir. O, 1990-cı illərin ağır savaş illərində də qələmini silah kimi işlədərək 1992–1996-cı illərdə döyüş bölgələrində hərbi jurnalist kimi fədakar fəaliyyət göstərmişdir.İgidlik, şəhidlik, vətən sevdası haqqında 15-ə yaxın poeması, yüzlərlə şeiri və publisistik yazısı var. Onun şeirləri uzun illər sovet senzurası səbəbindən mətbuata çıxmasa da, aşıqlar və xanəndələr tərəfindən ifa olunaraq Azərbaycanın sərhədlərini aşmış, Türkiyədə, İranda saz-söz məclislərinin dəyərli parçalarına çevrilmişdir.Sərraf Şiruyə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü idi. “Qızıl qələm”, “Məmməd Araz”, “H. B. Zərdabi” mükafatlarının laureatı olmuş, Vətənpərvərlik mövzusunda əsərlərinə görə 15 noyabr 2007-ci ildə Fəxri fərmanla təltif edilmişdir.Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən el şairi 8 dekabr 2015-ci ildə, Bərdə rayonunun Yeni Daşkənd kəndində 73 yaşında dünyasını dəyişmiş, doğma elin torpağına tapşırılmışdır.Vəfatından sonra onun haqqında “Elin Şiruyəsi, sözün sərrafı” adlı 400 səhifəlik kitab işıq üzü görmüş, EL TV tərəfindən sənədli film çəkilmişdir. Şeirlərinə 6 mahnı bəstələnmiş, bir şeirlər kitabı İranda çap olunmuşdur.Sərraf Şiruyə ardında zəngin bir ədəbi irs – 19 kitab, yüzlərlə lirik, ictimai-siyasi şeir, poemalar və vətən sevdalı misralar qoyub getdi.Ruhu şad olsun. Elinə, sözünə, Göyçəsinə sədaqətlə yaşamış bir ömür heç vaxt unudulmayacaq.
İctimai fəal Vaqif Məhəmməd Oğlu