Gündəm

17 Noyabr Milli Dirçəliş Günümüzün Qürur Zirvəsi

Azərbaycan xalqının mübarizə, azadlıq və milli özünüdərk tarixində xüsusi yer tutan 17 Noyabr Milli Dirçəliş Günü, milli şüurun oyanışının, azadlıq arzularının alovlanmasının simvolu kimi yaddaşlara həkk olunmuş tarixi bir gündür. 1988-ci ilin həmin günündə azadlıqsevər xalqımızın Vətənə, dövlətçiliyə və milli kimliyə sahib çıxmaq iradəsi meydanlara sığmadı. Sovet imperiyasının sərt təzyiqlərinə rəğmən Azərbaycan xalqı öz haqq səsini ucaltmaqdan çəkinmədi. Bu oyanış sonrakı istiqlal yolunun ideya-təməlini qoydu və müstəqil Azərbaycanın mənəvi başlanğıc nöqtəsinə çevrildi.

Azərbaycanın milli dirçəliş salnaməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu xüsusilə qeyd edilməlidir. Heydər Əliyev hələ sovet dövründən başlayaraq xalqın milli maraqlarının qorunması, azərbaycançılıq ideyasının inkişafı və gənclərdə milli özünüdərk ruhunun formalaşması üçün böyük tarixi xidmətlər göstərmişdir. 1990-cı illərin ağır günlərində xalqı parçalanmaq təhlükəsindən xilas edən, müstəqil dövlət quruculuğunun təməlini atan məhz Heydər Əliyev oldu. Məhz onun uzaqgörən siyasəti nəticəsində Milli Dirçəliş Gününün mahiyyəti daha da dərinləşdi və dövlətçilik ideologiyasına çevrildi.

Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, müasir Azərbaycanın memarı cənab Prezident İlham Əliyev Milli Dirçəliş Gününün ideyalarını yeni zəfərlər və real nəticələrlə daha da möhkəmləndirdi. Onun qətiyyətli siyasəti, güclü liderliyi və müdrik idarəçiliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, dövlətçilik ənənələrini daha da gücləndirdi, milli həmrəyliyi, azərbaycançılıq ideyasını yeni mərhələyə yüksəltdi. Bugün ölkəmizin siyasi, iqtisadi və hərbi gücü, beynəlxalq nüfuzu məhz bu dirçəliş ideyasının davamlılığının real göstəricisidir.

17 Noyabr bu gün Azərbaycan xalqının milli iradəsini, azad yaşamaq istəyini, müstəqil dövlətə sahib çıxmaq əzmini ifadə edən böyük bir tarixi rəmzdir. Bu gün biz yalnız keçmişin qəhrəmanlıq səhifələrini xatırlamırıq, həm də gələcəyə daha güclü inamla addımlayırıq. Çünki xalqımızın dirçəliş iradəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, yeni inkişaf mərhələlərinə doğru irəliləyir.

Bərdə şəhər 9 saylı körpələr evi-uşaq bağçasının müdiri Zeynəb Əliyeva.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button