11 noyabr tarixində Azərbaycan Rəssamlar İttifaqında “Fobiya/Phobia” adlı maraqlı rəsm sərgisinin açılışı keçirilib

Tədbir deputat, əməkdar rəssam Ülviyyə Həmzəyevanın dəvəti ilə Karvan Art Qrupun növbəti yaradıcı layihəsi çərçivəsində reallaşdırılıb.
Sərginin əsas mövzusu insanın qorxu ilə üz-üzə qaldığı anların bədii tərzdə ifadəsidir. “Fobiya” adlanan bu qrup sərgisi insan təxəyyülünün dərinliklərinə enərək, bəzən real, bəzən isə şüuraltı qorxuları rənglər və formalar vasitəsilə təsvir edir. Hər bir rəssam öz fərdi üslubunda, daxili duyğularını və hisslərini tamaşaçıya təqdim etməklə, qorxunun bədii simasını nümayiş etdirib.
Sərginin açılışında Milli Məclisin deputatı Pərvanə Vəliyeva da iştirak edib. Deputat sərginin ideyasını yüksək qiymətləndirərək, bu kimi layihələrin həm incəsənətin, həm də yaradıcılıq azadlığının inkişafında mühüm rol oynadığını bildirib. O, sərgidə iştirak edən bütün rəssamlara yeni uğurlar arzulayıb və Azərbaycan rəssamlarının müasir mövzulara yanaşma tərzinin təqdirəlayiq olduğunu vurğulayıb.
“Fobiya/Phobia” sərgisi tamaşaçılara qorxunun və hisslərin incə bədii ifadəsini təqdim etməklə yanaşı, insan ruhunun dərinliklərinə bir səyahət imkanı da yaradır.
QərbiAzərbaycan.az.tv xəbər portalı





