Gündəm

“Zəngəzur dəhlizi açılacaq, başqa çıxış yolları yoxdur” – MÜSAHİBƏ/VİDEO

Vaşinqtonda tarixi anlara saatlar qalıb. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bir masa arxasında əyləşəcək. Söhbət sadəcə iki ölkə arasındakı mübahisələrin həllindən getmir – bu görüş Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən çəkə, yüzilliklərin gərginliyinə nöqtə qoya bilər. Zəfərdən sülhə gedən yolda mühüm bir mərhələ… 

Milli Məclisinin deputatı Pərvanə Vəliyeva həm prosesin xronologiyasını, həm də danışıqların arxa planındakı siyasi mesajlar barədə “EDnews”-a şərh edib.

– Pərvanə xanım, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu, əslində, tarixi hadisədir. Millət vəkili kimi fikrinizi bilmək istərdik.

– Doğrudan da, tarixi əhəmiyyətə malik anların yaşanmasına saatlar qalıb. Səbirsizliklə gözləyirik. Bu görüş Cənubi Qafqaz üçün yeni bir mərhələdir. ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin müzakirəsi, yeni strateji sənədlərin imzalanması, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin müzakirəsi və sülhün paraflanması gözlənilir.

Bu, həm də Cənubi Qafqaz regionunda ABŞ maraqlarının yeni bir dövrə keçməsi deməkdir. 200 ildən artıqdır ki, burada Rusiyanın təsiri və Ermənistan üzərində hegemonluğu var idi. İndi isə bütün bunlara son qoyulur.

– Bu nöqtəyə qədər necə gəldik? Vaşinqton görüşünün əsas səbəbləri nədir?

– 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etdi. Böyük zəfər qazandıq. Lakin arxayınlaşmadıq, çünki sülh lazımdır. Cənab Prezident sülh gündəliyini irəli sürdü, müqavilə mətnini təqdim etdi. Ermənistan isə uzun müddət buna qarşı çıxdı, müxtəlif bəhanələrlə prosesi yubatdı.

Erməni diasporu və lobbilərinin təzyiqləri çox güclü idi. Avropa Şurası, Avropa Parlamenti, Fransa Prezidenti Emmanuel Makron, dini rəhbərlər – hamısı Ermənistanı müdafiə edirdi. Amma bu zəfər onların iflası deməkdir. Frank Pallone, Adam Şiff, Josef Borrell kimi şəxslərin də iflasıdır.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkəsində açıq şəkildə bildirdi ki, Azərbaycan Prezidenti ilə fəxr edir. Biz də xalq olaraq onunla qürur duyuruq. O, parlaq gələcəyə aparan strateji qərarlar qəbul edə bilən  liderdir.

– Trampın bu mövqeyi iki ölkə münasibətlərinə necə təsir göstərəcək?

– Prezidentimizin xarici siyasəti müstəqil və balanslıdır. Donald Tramp onun şəxsiyyətinə hörmət edir. Sosial şəbəkəsində dediklərini paylaşması və qarşılıqlı təşəkkürlər iki ölkə arasında isti münasibətlərin göstəricisidir.

Vaşinqton görüşündə sülh müqaviləsi paraflanacaq, yəni ilkin razılaşmalar təsdiqlənəcək. Bundan sonra çərçivə sazişi və sülh müqaviləsinin özü imzalanmalıdır. Bunun üçün Azərbaycanın şərtləri var. Birincisi, ATƏT-in Minsk Qrupu tarixə qovuşmalıdır. İkincisi, Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir, çünki orada bizim legitim ərazilərimizə iddialar yer alır.

– Sülh müqaviləsinə imza atılsa, ABŞ-nin Cənubi Qafqazdakı rolu necə olacaq?

– ABŞ-nin rolu böyük olacaq. Çünki keçmiş administrasiya – Bayden və Blinken dövründə Ermənistan lobbilərinin təsiri çox idi. İndi isə Tramp haqqın tərəfindədir. O, şəxsən bu proseslə tanışdır və Azərbaycanın mövqeyini dəstəkləyir.

Sülh müqaviləsi imzalansa, Zəngəzur dəhlizi məsələsi çox önəmli olacaq. Prezident İlham Əliyev deyib ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir. Bu, həm Azərbaycanın bölgələri arasında əlaqəni gücləndirəcək, həm də Orta Dəhliz üçün mühüm tranzit yoludur. Buradan keçən yüklərin həcmi milyonlarla dollar dəyərindədir. Bu, Ermənistan üçün də iqtisadi yüksəliş deməkdir.

ABŞ-nin qarant kimi çıxış etməsi, bu yolun təhlükəsizliyinin təmin olunması, bölgədə iqtisadi tərəqqiyə yol açacaq. Prezidentimiz dediyi kimi, “nəyi, necə, nə vaxt etməyi” çox yaxşı bilir. O dedi ki, Zəngəzur dəhlizi açılacaq və ilin ortasında buna nail oluruq.

– Yekun olaraq nə gözləyirsiniz?

– Düşünürəm ki, bədxah qonşularımız da bu məsələdə razılaşacaq, çünki başqa yolları yoxdur. 8 avqust tarixi təkcə Azərbaycan yox, bütün dünya üçün önəmli bir gün olacaq. Bütün dünya qətiyyətli liderin – sülhün memarının necə olduğunu izləyəcək.

Müsahibəni hazırladı: Gülşən Behbud
https://www.youtube.com/embed/fmMxz_ImNgY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button