Siyasət

Yenə sülh sənədi əvəzinə “Sülh kəsişməsi”

Paşinyan Zəngəzur dəhlizinə qarşı olan bu mifik layihəni reklam edir – bu dəfə Ərdoğana təqdim etdiyini açıqlayıb, bəs Ankaranın cavabı nə olacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan “Sülh kəsişməsi” adı altında təqdim etdiyi “iddialı layihəsi”ni yenidən reklam etməyə başlayıb. Türkiyəyə ötən həftəsonu etdiyi səfərində də baş nazir bu fürsətdən yararlanıb.

Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşündə Paşinyan deyib ki, “Sülh kəsişməsi” artıq iki ildir mövcuddur və ilk dəfə Türkiyə prezidenti ilə üz-üzə bu proqramı ona təqdim edəcək. Paşinyan vurğulayıb ki, Türkiyə cavab verməzdən əvvəl Ermənistan öz proqramını tam şəkildə təqdim etməlidir. “Əvvəlcə biz proqramımızı təqdim etməliyik, nədən bəhs edir, sonra Türkiyənin nə düşündüyü ilə bağlı nəticə çıxarmalıyıq. Düşünürəm ki, bu, olmaya bilməz, çünki ən azı bu günə qədər apardığımız söhbətlər və dünyada baş verən hadisələr onu göstərir ki, ” Sülh kəsişməsi” həyata keçiriləcək”, – baş nazir vurğulayıb.

Türkiyə belə bir layihə aldığı barədə heç bir açıqlama verməyib. Paşinyanın dediyindən isə bəlli olan budur ki, Ərdoğana sənəd təqdim edilib. Sadəcə, Paşinyan hər əlinə düşən fürsətdə inandırmağa çalışır ki, bu layihə region ölkələri üçün son dərəcə faydalıdır, Ermənistan ərazisindən keçən yol Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa , ən səmərəli dəmir yolu, həmçinin avtomobil marşrutuna çevriləcək. Və nəhayət, Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, “Sülh kəsişməsi” ideyası Ermənistan hökumətinin həyata keçirmək niyyətində olduğu regional sülh gündəliyinin tərkib hissəsidir.

Ermənistan Nazirlər Kabinetinin layihəsinə əsasən, “Sülh kəsişməsi” reallaşarsa, İrəvan Ermənistanın cənubundan təkcə Azərbaycan və Ermənistanı deyil, həm də onun cənub rayonlarını şimal-qərb rayonları ilə, eləcə də Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Mehri dəmir yolunu bərpa etməyə hazır olacaq. Bu, gələcəkdə Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə və Gürcüstanla, həm də Azərbaycan və Ermənistanı İranla birləşdirəcək. Layihənin həyata keçirilməsi Şərqlə Qərbi Xəzər dənizindən Aralıq dənizinə, Şimal və Cənubu Fars körfəzindən Qara dənizə birləşdirəcək.

Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə onun eksklavı olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etmək üçün mümkün vasitə hesab edilən Ermənistanın Sünik rayonu ərazisindən keçən təxminən 40 km uzunluğunda nəqliyyat dəhlizi üçün Azərbaycan tərəfindən irəli sürülən layihədir. Lakin göründüyü kimi, Ermənistanın baş naziri Azərbaycanın sülh sazişinə əngəl olan iki tələbi reallaşdırmır, əvəzində yenə zaman qazanaraq sülh müqaviləsinin imzalanmasını yubadır.  

“Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”. “Yeni Müsavat” xatırladır ki, Prezident İlham Əliyev bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı belə deyib. Dövlət başçısı bildirib ki, Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb: “İndi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

 Arzuxan Əlizadə 

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a şərhində Paşinyanın bu layihəni neçənci dəfədir ki, gündəmə gətirdiyini qeyd etdi. Onun sözlərinə görə, İrəvan özünü sülh sənədi imzalamağa hazır tərəf kimi qələmə verir: “Guya Azərbaycan əngəl olur və rəsmi Bakının razılığı qalıb. Məsələ burasındadır ki, bölgədə böyük gərginlik yaranıb və Ermənistan himayədarlarından dəstək ala bilmir deyə Türkiyə ilə Azərbaycana yaxınlaşmaq xətti tutub. Xüsusən də İran hadisələri Ermənistanın işini qəlizləşdirib. Ona görə “Sülh kəsişməsi” adı ilə regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxmasını istəyir. Çünki bununla öz piarını aparmaq məqsədi güdür”.

A.Əlizadənin fikrincə, üstəgəl, Ermənistanı seçki gözləyir və Paşinyan kabineti səsverməyə qədər ən azı Türkiyə ilə normallaşma prosesini tam yekunlaşdırmaq niyyətindədir ki, müsbət xal qazana bilsin: “Amma onun səyləri əbəsdir. Bu administrasiya bilməlidir ki, Türkiyə Azərbaycansız hər hansı addım atmayacaq. Odur ki, seçkiqabağı divident qazanmaq istəyirsə, Azərbaycanın tələblərini yerinə yetirməlidir, bölgədə vəziyyəti Bakı və Ankara ilə uzlaşdırmalıdır. O səbəbdən, Zəngəzur koridorunun daha tez açılması üçün imkan yaranır. Ermənistan bunun fərqindədir və Paşinyan hakimiyyəti Türkiyə vasitəsilə Azərbaycanın nədəsə razılığını alacağına ümid edir. Sadəcə, bu, alınan iş deyil, rəsmi Bakının konkret tələbləri var”.

Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyevin sözlərinə görə, “Sülh kəsişməsi” ideyası ilk dəfə Tiflisdə ortaya atılıb: “Əslində bu layihə uzun müddətdir heç kəsin üzünə belə baxmadığı “erməni qovşağı”nın adı dəyişdirilmiş formasıdır. Paşinyan komandası layihənin reallaşa bilmə analizini aparmaqdansa, onun reklamı ilə məşğul olmağı üstün tutub. “Sülh kəsişməsi” çeynənmiş fikirlər, oğurluq ideyalarla zəngindir. Layihə Azərbaycan, Gürcüstan, Türkiyə və İran arasında onsuz da uzun müddətdir ki, reallaşıb. Bundan əlavə, “Sülh kəsişməsi” gömrük rüsumları və təhlükəsizlik yoxlanışları olmadan keçidin təmini üçün hər hansı təklif irəli sürmür. Ona görə də mifik ideya kimi görünməkdədir”.

F.Əliyev hesab edir ki, Paşinyan “Sülh kəsişməsi”nə Zəngəzur dəhlizinin açılması prosesini pozmaq kimi baxır: “Ermənistan əvvəl “Sülh kəsişməsi” adlı layihədə Hindistan, İran, Ermənistan, Gürcüstan vasitəsilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətlərini nəzərdə tuturdu. Sonra bu proyekt dəyişdi, Azərbaycanı, eləcə də Türkiyəni əhatə etdilər. Paşinyan hakimiyyəti başa düşdü ki, Azərbaycan və Türkiyə olmadan bölgədə hər hansı layihənin reallaşması mümkün deyil. Amma söhbət Azərbaycanın əsas hissəsindən Naxçıvana və geriyə istiqamətdə daşınan mallardan gedirsə, gömrük prosedurlarının həyata keçirilməsi bizim üçün məqbul deyil. Yəni İrəvan Azərbaycandan Naxçıvana istiqamətlənən marşrut üçün Bakıya Ermənistanın nəzarətində olan yolun verilməsini təklif edir. Bunun üçün Paşinyan hakimiyyəti “Sülh kəsişməsi” adı altında bir layihə təqdim edib. Bu layihə də Zəngəzur dəhlizinə alternativdir. Bir sözlə, “Sülh kəsişməsi” təklifi birmənalı olaraq Ermənistanın maraqlarına uyğundur. Türkiyənin razılaşacağını birmənalı istisna edirəm”.

Xatırladaq ki, rəsmi Bakının tələbi Azərbaycandan Naxçıvana dəhliz məntiqi ilə yol açılmasıdır. Bu marşrut kommunikasiya dəhliz məntiqi ilə qurulmalıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın 9-cu maddəsinə uyğun olaraq, Zəngəzur dəhlizinin əsas təməli qoyulub. Orada yazılıb ki, qüvvələr tərəfindən təhlükəsizlik təmin edilir və Ermənistanın bu kommunikasiyaya heç bir nəzarəti olmur. Belə desək, Azərbaycandan Naxçıvana gedən sərnişinlər, daşınan yüklər gömrük və sərhəd yoxlanışına məruz qalmır. Amma digər ölkələr bu prosesdə iştirak edərsə, onlar Ermənistan tərəfinin gömrük və sərhəd yoxlanışından keçəcəklər.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button