“Yastıq altı” banklardan daha etibarlıdır

Azərbaycanda niyə cəmi 150 min vətəndaşın əmanət hesabı var?
Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşündə müzakirə olunan məsələlərdən biri də Azərbaycanda banklara pul əmanət edən şəxslərin sayının azlığı olub. Müzakirələr zamanı Mərkəzi Bank sədri unikal əmanət hesabları ilə bağlı narahatlığını dilə gətirib. Onun fikrincə, cəmi 150 min vətəndaşın əmanət hesabının olması Azərbaycan üçün azdır.
Mərkəzi Bankın rəsmi statistikasına əsasən 2024-cü ildə Azərbaycanın bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41 faiz artaraq 150,5 min nəfərə çatıb. Tənzimləyici qeyd edir ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir: “Artımın böyük hissəsi xırda məbləğli əmanətçilərin hesabına baş verib. Belə ki, yeni unikal əmanətçilərin 77,6 faizini 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Bu tendensiya əhalinin banklara olan etimadının artdığını göstərir”.
Qeyd edək ki, bank sektorunda “unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. Bu yanaşma bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir.
Unikal əmanətçilərin sayının artmasının gəlincə, AMB bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb. Pul siyasətinin təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və əmanətlərin sığortalanması bu dinamikanı şərtləndirən amillərdən hesab olunur.
Mərkəzi Bank vurğulayır ki, faiz kanalının ötürücülüyünü artırmaq istiqamətində atılan addımlar əmanətlərə marağı yüksəldib. Bununla yanaşı, milli valyutada olan əmanətlər üzrə tətbiq edilən vergi güzəştləri əhalini vəsaitlərini banklarda yerləşdirməyə həvəsləndirib. Əmanətlərin artımına, həmçinin xüsusilə xırda məbləğli əmanətçilər üçün risklərin azalması səbəb olub. Bu müsbət dinamika ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, bank sektorunun stabil inkişafına və iqtisadiyyatda vəsaitlərin daha effektiv dövriyyəsinə töhfə verir.
Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, 2024-cü il ərzində əmanətçilərin sayında 43,76 min nəfər artım olub. Və bu sayın 77,6 faizi, yaxud 33,9 min nəfəri banka 30 min manatdan aşağı əmanət qoyan şəxslərdir.
2024-cü ilin sonuna fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 14 milyard 299,1 milyon manata çatıb. 2023-cü ilin sonuna bu göstərici 12 milyard 947,75 milyon manata bərabər olub. Yəni 2024-cü il ərzində əmanət həcmində 1 milyard 351,35 milyon manat artım qeydə alınıb. Sadə hesablama apardıqda, bu artımın 1 milyard 17 milyon manatının banklara 33,9 min nəfər tərəfindən yatırıldığını söyləmək olar. Ötən il ərzində banklara əmanət etibar edən təxminən 9860 nəfərin ümumi əmanətlərinin həcmi isə 334,35 milyon manata bərabər olub.
Bir çox ekspertlər də Mərkəzi Bank rəhbəri ilə eyni fikirdə olaraq, Azərbaycanda əmanətçi vətəndaşların sayının ölkə əhalisinin sayına baxdıqda çox az olduğu qənaətindədirlər.

Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, ölkədə 18 və yuxarı yaşda əhalinin sayının 7,6 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əhlainin ən yaxşı halda 2 faizinin banklarda depozit hesabı var. Ekspertin fikrincə, bu göstəricinin az olmasının əsas səbəbi kimi əhalinin pulu yastıq altına yığmağa üstünlük verməsinin göstərilməsi doğru yanaşma deyil: “Belə bir iddia səslənə bilər ki, əhali sandıq və yastıq altında yığıma daha çox üstünlük verir. Amma sığortalanmanın olduğu şəraitdə insanların böyük əksəriyyətinin sərbəst pul vəsaitləri sayəsində faiz gəlirləri əldə etməmək istəməməsi heç real görünmür. İkincisi, dövlət qurumları zəhmət çəkib müxtəlif etibarlı müayinə və tədqiqatlar əsasında yastıqaltı yığım dövriyyəsinin real miqyasını ortaya çıxarsın və əhalinin bank sektoruna niyə güvənmədiyinin səbəblərini də dilə gətirsin. Fikrimcə, problem yoxsulluğun miqyasının geniş olmasıdır. Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcək vəziyyətdədir”.
Qeyd edək ki, əmanətlərin bölgələr üzrə paylanması da banklarda bu yığım növündən istifadənin əhalinin həyat səviyyəsi ilə birbaşa bağlı olduğunu göstərir. Belə ki, Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, bu il yanvarın 1-nə əhalinin banklarda olan 12,3 milyard manatlıq əmanətinin 12,9 milyard manatdan çoxu Bakı sakinlərinindir. Ondan sonra Sumqayıt şəhəri 334,8 milyon manatla 2-ci, Gəncə şəhəri isə 210 milyon manatla 3-cüdür. Abşeron əhalisinin banklarda 190,2 milyon manat, Xaçmaz rayonunda 71,5 milyon manat pulu var. Xızı, Laçın, Sədərək və Zəngilan rayonlarında isə bu göstərici 1 milyon manatdan aşağıdır.
İqtisadi regionlar üzrə götürdükdə, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu – 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 525,9 milyon manat pulu var. Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Maraqlıdır ki, əmanətlər üzrə orta faiz dərəcəsi ən yüksək Gəncə-Daşkəsən iqtisadi rayonundadır – 6,15 faiz. Ondan sonra 6,06 faizlə Abşeron-Xızı iqtisadi rayonu gəlir. Banklar əmanətlər üçün ən aşağı faizləri Şərqi Zəngəzur iqtisadi rayonunda 2,37 faiz təklif edirlər. Bakı iqtisadi rayonunda əmanət faizi ölkə üzrə orta göstərici olan 4,37 faizdən aşağıdır – 4,23 faiz.

Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, 150,5 min nəfərin banklara pul qoyması əvvəlki illərlə müqayisədə artım olmasından xəbər verir: “Lakin məsələyə makro səviyyədə baxdıqda, iqtisadiyyatın həcmi, ailə təsərrüfatlarının sayı və digər aspektlərdən qiymətləndirdikdə, ölkə üzrə əmanətçi sayının xeyli az olduğunu deyə bilərik. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda digər passiv yığım alətləri bazarı çox zəif inkişaf edib – səhm, qiymətli kağızlar bazarı və sair – açıqlanan say çox azdır. Bu azlığın da bir sıra mühüm səbəbləri var. Əsas səbəblərdən biri əhalinin banklara etimadı məsələsidir. Bunu müddətli əmanətlərin müddətsiz əmanətlərdən kəskin çox olması, həmçinin müddətli əmanətlərin tərkibində qısamüddətli əmanətlərin 80 faizdən yüksək paya sahib olması açıq nümayiş etdirir. Digər mühüm məsələ əhalinin yığım imkanlarının məhdudluğudur. Rəsmi statistikada orta gəlir səviyyəsinə dair göstəricilər əhalinin yığım imkanları barədə bir qədər qeyri-dəqiq təsəvvür formalaşdıra bilər. Lakin əhalinin çox az bir qisminin müvafiq yığım imkanı var. Bu qisim 5-ci kvintil – ən yüksək gəlir səviyyəsinə malik 20 faizə daxildir. Qalan 80 faiz əhalinin yığım imkanı ya çox məhduddur, ya da mövcud deyil. Bu, həm də gəlirlərin qeyri-bərabər bölünməsinin göstəricisidir”.
Ekspert hesab edir ki, əhalinin orta və yaşlı qismində ənənəvi passiv yığıma inam daha yüksəkdir: “Onlar yığımlarını qızıl və qiymətli zinət əşyalarına yatırır, yaxud elə pul formasında özlərində saxlayırlar. Bu, ötən dövrlərdə banklara qoyulan əmanətlərlə bağlı yaşanan acı təcrübənin də nəticəsidir.
Ümumilikdə, Azərbaycanda əmanətlərin həcminin ÜDM-ə nisbəti də qənaətbəxş deyil. Əhalinin əlindəki nağd pul kütləsi həmişə yüksək olaraq qalır. Bu, Mərkəzi Bankın öz əlindəki alətlərdən təsirli nəticələr əldə etməsinə imkan vermir, eyni zamanda banklarda likvidlik problemi yaradır. Eyni zamanda bu, əllərdə olan vəsaitlərin qəfildən dövriyyəyə daxil olaraq inflyasiya təzyiqi, manatın məzənnəsinə təzyiqlər yarada bilər. Bu baxımdan, həm Mərkəzi Bank, həm hökumət maraqlıdır ki, əhali daha çox vəsaitini əmanət formasında banklara etibar etsin. Buna nail olmaq üçün bir sıra stimullaşdırıcı addımlar da atılır. Belə addımların daha da artırılması, banklara olan etimadın gücləndirilməsi, manatın məzənnəsi ilə bağlı təhlükə gözləntilərinin aradan qaldırılması vacibdir. Dollar əmanətlərinə daha aşağı faizlərin təklif edilməsi reallıqda əks-effekt verir: əhali devalvasiya qorxusunun olduğu qənaətinə gələrək nə manat, nə də dollar formasında öz vəsaitini banka qoymaqdan çəkinir. Bu amillərin hamısı nəzərə alınaraq kompleks tədbirlərin görülməsinə ehtiyac var”.
Qeyd edək ki, son aylarda Azərbaycan banklarında likvidliklə bağlı müəyyən çətinliklər hiss olunmaqdadır. Maliyyə Nazirliyinin təklif etdiyi dövlət istiqrazlarının alıcı problemi ilə üzləşməsi, bankların əmanət faizlərini kəskin artırması bundan xəbər verir. Hökumətin büdcə qalığını banklara depozit kimi yerləşdirməsi bu çətinliyi müəyyən müddətə yüngülləşdirib. Mərkəzi Bank bildirir ki, Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının depozit formasında sistem əhəmiyyətli banklarda yerləşdirilməsi üzrə hərracların keçirilməsi bank sisteminin likvidlik mövqeyinə artırıcı təsir göstərib. Lakin nəzərə alsaq ki, Maliyyə Nazirliyinin 1.5 milyard manat depoziti qısamüddətlidir, onda 1-2 ay ərzində banklarda yenidən likvidlik məsələsinin aktuallaşacağını söyləmək olar. Bu baxımdan, əhalinin əmanət qoyuluşuna həvəsləndirilməsi üçün təsirli addımların atılması zərurətə çevrilir.