YAP-ın qurultayı ertələnir

Hakim partiyanın ali tədbirinin martda keçirilməməsinə səbəb regional müharibənin təsiri də ola bilər
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) martda qurultayının keçiriləcəyi deyilirdi. Amma belə görünür ki, Ramazan və Novruz bayramları səbəbindən hakim partiyanın sayca VIII qurultayı apreldə olacaq. Mümkündür ki, YAP-ın ali tədbirinin keçirilməməsinə regional müharibənin də təsiri olsun.
Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir. Qurultaylar adətən yalnız formal tədbir olmur – onlar həm siyasi kursun təsdiqi, həm də struktur və proqram yenilənməsi üçün əsas platformadır. Bu baxımdan, VIII qurultayın da təşkilati və ideoloji baxımdan müəyyən yeniliklər gətirməsi gözləniləndir.
Rəsmi gündəlik açıqlanmasa da, ekspertlər qurultayda rəhbər orqanlarda yenilənmə, partiya proqramına əlavələr, nizamnamə islahatları və yeni strateji hədəflərin gündəmə gələ biləcəyini bildirirlər.
Qurultay həm partiyanın siyasi kursunu bir daha təsdiqləyəcək, həm də struktur və proqram baxımından müəyyən yeniliklər gətirəcək. Belə ki, rəhbər orqanlara – İdarə Heyəti və Siyasi Şuraya yeni kadrlar gətirilə, gənc və region nümayəndələrinin sayı artırıla, o cümlədən partiya proqramına əlavələr, sosial-iqtisadi prioritetlər, regional inkişaf, rəqəmsal transformasiya və təhlükəsizlik siyasəti ilə bağlı yeni bəndlər daxil edilə bilər. Hakim partiyanın qurultayında sürpriz dəyişikliklərin olacağı gözlənilir. İlk növbədə Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması əsas göstərilərək YAP-ın Aparat rəhbəri postuna yeni şəxs təyin olunacaq. Partiya sədri vəzifəsindən sonra əsas post hesab olunan aparat rəhbəri vəzifəsinə veteran YAP-çılardan deyil, gənc partiya üzvlərindən birinin gətiriləcəyi deyilir.
Siyasi müşahidəçilərin fikrincə, yeni aparat rəhbərinin seçimi YAP-ın qarşıdakı dövrdə təşkilati islahatları və struktur yenilənməsi ilə birbaşa bağlı olacaq. Bu vəzifəyə təyin olunacaq şəxsə partiyanın daxili intizamının qorunması, regional təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və seçki proseslərinə hazırlıq baxımından mühüm rol tapşırılacaq.
Daha bir ilginc xəbərə görə, hakim partiyanın qurultayında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələ ayrıca müzakirə oluna bilər.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli sorğumuza cavab olaraq bildirib ki, qurultayla bağlı qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək.