Siyasət

Xameneiyə bir şey olsa… – Sistaninin verdiyi o mesaj

İraqın şiə lideri İranın ali rəhbərinin öldürüləcəyi təqdirdə regionu fəlakət gözlədiyini anons etdi; deputat: “İran hələ bütün potensialından istifadə etməyib”

Xəbər verildiyi kimi, İraqın ali şiə dini lideri, Ayətullah Əli Sistani İsrail və İran arasında artan gərginlik fonunda sensasion xəbərdarlıqla çıxış edib. O bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin fiziki hədəf seçilməsi Yaxın Şərqdə nəinki münaqişəni alovlandırar, həm də bölgəni ağlasığmaz nəticələrə sürükləyə bilər.

Sistaniyə görə, “belə bir təxribat minlərlə insanın həyatına son qoyacaq, regional sabitliyi məhv edəcək və yeni, daha təhlükəli müharibə mərhələsinə yol aça bilər”. Onun sözlərinə görə, “Ali rəhbərə qarşı atılacaq bu cür addımlar təkcə İranı deyil, bütün İslam dünyasını sarsıdacaq” və nəticədə Yaxın Şərqdə daha əvvəl görünməmiş miqyasda siyasi və hərbi xaos yarana bilər.

Bu açıqlama İsrailin müdafiə naziri İsrail Katsın bu günlərdə verdiyi bəyanatdan sonra gəlib. Həmin bəyanatda o, Ayətullah Xameneini “artıq mövcudluğu davam etməməli” olan fiqur kimi xarakterizə etmişdi. Bu isə İran tərəfindən kəskin reaksiya ilə qarşılanmışdı. Ekspertlər hesab edirlər ki, İranın regional gücü, xüsusilə müttəfiqləri və proksi qüvvələri vasitəsilə genişlənib. İranın nüfuzu Suriya, İraq, Livan (Hizbullah) və Yəməndəki Husi üsyançıları kimi müxtəlif qruplara ciddi təsir edir. Bu əlaqələrin yalnız İranın təhlükəsizlik maraqlarını deyil, həm də Şiə müsəlmanlarının dünyadakı mövqeyini qorumağa xidmət etdiyi bildirilir. Belə hesab olunur ki, Xameneiyə qarşı edilən hər hansı təcavüz müttəfiqlər tərəfindən ciddi qarşılanacaq və nəticədə bölgədəki müharibə daha da alovlana bilər. İranın gücünün onun “rıçaqları” və regional təsirini nəzərə alaraq, birbaşa müharibəyə səbəb ola biləcəyinə dair fikirlər səslənir.

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, İran kifayət qədər güclü dövlətdir. Deputatın sözlərinə görə, İranda sistem, dövlətçilik ənənələri güclüdür: “İranı sıradan çıxarmaq sadə məsələ deyil. Düşünürəm ki, İran hələ ki, özünün bütün imkanlarından və potensialından istifadə etməyib. İranın əlində başqa rıçaqlar var. İran hələ ki, bütün addımları atmayıb. Xamenei isə bütün şiə dünyasının əsas liderlərindəndir. Ona qarşı atılan addımlar, ona qarşı yönəlmiş cəhdlər bütün müsəlman dünyasını ayağa qaldıra bilər. Dünyanın əksər yerlərində İranın proksi qüvvələri mövcuddur, fəaliyyətlərini davam etdirirlər. Buna görə də ciddi qarşıdurmaya, müharibəyə səbəb ola bilər. Düşünürəm ki, növbəti günlərdə müxtəlif addımların atılmasının şahidi ola bilərik. Ehtiyatlı olmalı, münaqişənin daha da alovlanmamasına, daha çox ölkənin prosesə qoşulmamasına çalışmalıyıq. Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Ola bilər ki, bizi qarşıda çətin günlər, ağır sınaqlar gözləyir. Buna görə də müharibənin qısa zamanda bitməsi arzuolunandır”.

Hazırda bunkerdə gizləndiyi deyilən İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei hazırda dünya mediasında haqqında ən çox yazılan şəxslərdəndir. Xomeynidən sonra ilk dəfə “Ayətullah” rütbəsi ilə Ali Rəhbər olan Əli Xamenei ilə bağlı bəzi maraqlı faktları toplamışıq. Bəs 1989-cu ildən İranı idarə edən Əli Xamenei kimdir?

Xamenei 1981-ci ildə İran İslam Respublikasına qarşı silahlı hücum zamanı (Tudeh partiyası və ya Mojahedin-e-Khalq tərəfindən təşkil edildiyi güman olunur) sağ əlindən ağır yaralanıb. Nəticədə sağ əli iflic qalıb və bu onun bəzi çıxışlarında da görünür.

İran daxilində onun təhlükəsizliyi üçün “Xüsusi Komplekslər” mövcuddur. Bu komplekslər yalnız ona məxsus və hərbi müdafiə ilə qorunan, yeraltı sığınacaqlardır. Bu səbəbdən də “bunkerdə gizlənməsi” ilə bağlı iddialar bəzən reallığa çox da uzaq görünmür. Xamenei klassik fars poeziyasını çox sevir. O, tez-tez Hafiz, Sədi, Mövlana və Nizami kimi şairlərdən sitatlar gətirir. Hətta bəzi şeirləri və yazıları da nəşr olunub. Bu, onu İranın digər siyasi liderlərindən fərqləndirir. O, Qərb mediasını “məkrli təbliğat maşını” adlandırır və BBC, CNN kimi beynəlxalq media qurumlarını “mədəni hücumun ön cəbhəsi” hesab edir. İran daxilində Qərb KİV-ləri faktiki olaraq qadağan edilib.

Xamenei üçün təhlükəsizlik ön plandadır. İran daxilində onun olduğu yerlər ciddi şəkildə qorunur. Xarici ölkəyə səfər etmək, onun həyatını riskə atmaq deməkdir. Qərb ölkələri ilə gərgin münasibətlər də bu riski artırır. Xamenei qərbli liderlərlə üz-üzə gəlməkdən çəkinir. Bu, onun anti-Qərb ritorikasının bir hissəsidir. O, görüşlərdə deyil, çıxışlarında, bəyannamələrində və media vasitəsilə fikir bildirir. Xamenei Ali Rəhbər olmamışdan öncə, yəni İran-İraq müharibəsindən sonra, 1980-ci illərdə Çinə və bəzi Şərq ölkələrinə rəsmi səfərlər edib. Lakin 1989-cu ildən, yəni hakimiyyəti ələ aldıqdan sonra bir daha ölkədən çıxmayıb. 36 il ərzində bir dəfə də xarici səfəri olmayıb. Bu fakt Xameneini digər dünya liderlərindən fərqləndirir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button