Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq.


Dövlət başçısı İlham Əliyevin 2022-ci ilin 22 aprel tarixində Qarabağın tacı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya təkmilləşir: “Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”.Dünya azərbaycanlılarının Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik” tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Burada əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidirlər.Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli Liderin dünya azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü və Sərəncamına uyğun olaraq 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının, sonrakı illərdə bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamları əsasında 2006-cı ildə II Qurultayın, 2011-ci ildə III Qurultayın, 2016-cı ildə IV Qurultayın və 2022-ci ildə V Zəfər Qurultayının keçirilməsi birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanla əlaqələrin daha sıx olmasını təmin etdi. Zəfər Qurultayı dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazandığımız möhtəşəm Qələbəmizi Qarabağın tacı Şuşadan bir daha dünyaya çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizin, həmrəyliyimizin, gücümüzün təqdimatıdır. Prezident İlham Əliyev 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdi: “2023-cü ilin aprel ayında biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik”.Cənab İlham Əliyev bu günlərdə 2024-cü ilin idman yekunlarına həsr edilən mərasimdəki çıxışında da Azərbaycanın güclü, qalib və suverenliyini bərpa edən ölkə kimi tanınmasından böyük qürur hissi ilə bəhs etdi. Ölkəmiz, eyni zamanda sabitlik məkanı kimi nüfuz qazanıb. Prezident İlham Əliyev bu reallıqlara diqqəti yönəltdi ki, Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi, – bütün bunları Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.
Fəqət Şadlinskaya:YAP Bərdə rayon təşkilatının sədri