Təyyarəmizin VURULMASININ dördüncü ayı

Rusiya bu cinayət hadisəsini qapatmağa və unutdurmağa çalışır; qarşıdakı 8 ayda istintaq yekunlaşmasa… – rəy
2024-cü il dekabrın 25-də Çeçenistanın paytaxtı Qroznı səmasında “Pantsir- S 1″ hava hücumundan müdafiə sistemi tərəfindən vurulan, sonra enişinə icazə verilmədiyi üçün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus “Embraer” təyyarəsi ilə bağlı məsələ açıq olaraq qalır.
Rusiya İstintaq Komitəsi hadisənin araşdırılması istiqamətində hansı addımlar atıldığı barədə hələ ki heç nə demir. İlin sonuna qədər istintaqın yekunlaşması gözlənilir. Lakin hiss olunur ki, məsələni ört-basdır etməklə yanaşı, unutdurmağa çalışırlar.
“Yeni Müsavat” yada salır ki, bu gün, yəni aprelin 25-də təyyarənin vurulmasından düz 4 il ötür. Təyyarənin Aktauda qəza etməsi nəticəsində 38 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub: 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı.
Qəzanın təhqiqatına ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) konvensiyasına uyğun olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” nümayəndələri iştirak edirlər. “Qara qutu”lar açılıb və beynəlxalq ekspertlərin iştirakı ilə deşifrə edilir.
Yeri gəlmişkən, aprelin 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından danışıb və hadisəni yenidən yada salıb. O, Qazaxıstan Xalqları Assambleyasının növbəti sessiyasında çıxışı zamanı bu haqda söz açıb. Prezident faciə zamanı qazaxıstanlıların hadisəyə çevik reaksiyasından bəhs edib: “Keçən il Aktau yaxınlığında təyyarə qəzası baş verəndə buna bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə tələsdilər. Onlar qan vermək üçün növbəyə durdular. Onlar Azərbaycan səfirliyinin önünə gül dəstələri düzdülər.
Bütün dünya xalqımızın birliyinə, fədakarlığına heyran oldu. O an qəlbimizin genişliyi, açıqlığı, mehribanlığı və mərhəməti üzə çıxdı. Milli xarakterimizin xüsusiyyətlərini qoruyub saxlamalı və onları gənc nəslə ötürməliyik”.
Onu da deyək ki, Moskvanın Basmannı məhkəməsi istintaqa AZAL-ın “Embraer 190″ təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib. Bildirilib ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib. İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib.
Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib. Eyni zamanda Rusiyanın “AlfaSığorta” şirkəti AZAL-a məxsus “Embraer” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar sığorta kompensasiyasını tam ödəyib. Amma bu, Rusiyanın kompensasiya ödəməsi kimi qiymətləndirilə bilməz.
Xəyal Bəşirova İMZA-da vəzifə verildi
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın bu işi qapatmaq istəyi gözləniləndir: “Çünki hadisə bu ölkənin ərazisində baş verib. Halbuki Rusiya vətəndaşları da həlak olub deyə Moskva özü də işin üstünün açılmasında maraqlı olmalıdır. Biz ittiham etmirik ki, təyyarə qəsdən vurulub. Amma günahı olanlar üzə çıxarılmalıdır. Artıq “qara qutu” da oxunub və bizim versiyaları təsdiqlədi. İndi isə prosedurları gözləyirik. Yəni beynəlxalq hüquqa əsasən istintaq bir il çəkə bilər. Amma mütləq deyil ki, dekabra qədər çəksin, istintaq daha tez də yekunlaşa bilər”.
X.Bəşirovun sözlərinə görə, rəsmi Bakının tələbləri dəyişməz olaraq qalır: “Azərbaycan tələb edir ki, Rusiya dövləti zərərçəkənlərə kompensasiya verməli və günahkarlar cəzalanmalıdır. Amma Rusiya istintaqın yekununu gözləməyi üstün tutur. Hər halda, gözləyirik və 8 ay ərzində istintaqın başa çatması üçün kifayət qədər vaxt var. Əks təqdirdə, Azərbaycan öz haqlı tələblərini səsləndirməkdə davam edəcək”.
Xatırladaq ki, faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar ötən il dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib. Dekabrın 28-də Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib. Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal edilib. Elə həmin il AZAL tərəfindən alınıb. Təyyarə 4K-AZ65 quyruq nömrəsinə sahib idi. Qəzaya qədər ümumilikdə 9949 eniş həyata keçirib, ümumi uçuş müddəti isə 15257,22 saat olub. Son dəfə texniki yoxlanışdan 18 oktyabr 2024-cü ildə keçib. Son yoxlamadan sonra 671 uçuş saatı keçib. Aviasiya ekspertlərinin fikirincə füzelyajda olan dəliklər təyyarənin məhz hava hücumundan müdafiə sisteminin raketinin partlaması nəticəsində baş verdiyindən xəbər verir, quş sürüsu ilə toqquşma zamanı isə bu cür dəliklər əmələ gəlmir, əsasən mühərriklər sıradan çıxır və təyyarə düşməyə başlayır.