
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər rayonunun Kəbirli kəndində şəhid Hüseynov Elnur Əhliman oğlunun övladı Qəmər Hüseynovanın 10 yaşı münasibətilə təşkil olunan ad günü şənliyində iştirak edib.Rayon icra hakimiyyətinin başçısı şəhid övladını ad günü münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıb, sağlam və xoşbəxt gələcək arzulayıb, hədiyyə təqdim edib. O bildirib ki, şəhidlərimizin əmanətləri daim dövlətin diqqət və qayğısı altındadır.Müstəqim Məmmədov qeyd edib ki, məğlubedilməz sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını alıb. Vurğulayıb ki, bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizə borcluyuq.Ad günü şənliyində çıxış edən digər şəxslər də şəhidin övladına xoş arzu və diləklərini çatdırıblar.Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. O, 2020-ci il noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabrın 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn edilib. Şəhidin özündən sonra iki qız övladı yadigar qalıb.Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.










