Xəbərlər

Tanınmayan diplomlar…

Rəvan Əliyev: Bu hal narahatlıq doğurmaqla yanaşı, problemin yalnız fərdi səhlənkarlıqdan deyil, həm də sistem boşluqlarından qaynaqlandığını göstərir

Son illərdə xaricdə təhsil almaq gənclərin əsas hədəflərindən biridir. Gənclərin keyfiyyətli təhsil almaq, təcrübələrini və dünyagörüşlərini artırmaq üçün atdıqları bu addımın nəticəsi təəssüf ki, hər zaman ürəkaçan olmur. Günümüzdə xaricdə təhsil alanların diplomlarının tanınmaması problemi getdikcə daha çox gündəmə gəlir. Təhsilə böyük ümid və sərmayə ilə başlayan gənclər üçün diplomun tanınmaması təkcə fərdi uğursuzluq deyil, həm də təhsil seçimlərinin strateji baxımdan düzgün planlaşdırılmamasının nəticəsidir. Bu hal göstərir ki, xaricdə təhsil sadəcə universitet seçimi deyil, həm də hüquqi, akademik və akkreditasiya tələblərinin dərindən öyrənilməsini tələb edən kompleks bir qərardır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumata əsasən, sentyabr ayı üzrə təhsil haqqında sənədə dair 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qiymətləndirilib.

Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28 əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma formasında) ixtisasını göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 292, Rusiyadan 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarusdan 23, Birləşmiş Krallıqdan 23, ABŞ-dan 10, İtaliya, Latviya və Macarıstanın hər birindən 6, Çex Respublikası, Litva və Polşanın hər birindən 5, Almaniya və Çinin hər birindən 4, Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstanın hər birindən 2, Pakistan, Avstriya, Estoniya, Qırğızıstan, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistanı Krallığının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.

Səbəb yalnız fərdi məsuliyyətsizlik deyil…

Elm və təhsil eksperti Rəvan Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son zamanlar xaricdə təhsil almış və diplomu tanınmayan vətəndaşların sayı artmaqdadır: “Bu hal narahatlıq doğurmaqla yanaşı, problemin yalnız fərdi səhlənkarlıqdan deyil, həm də sistem boşluqlarından qaynaqlandığını göstərir.

Əslində, xaricdə təhsil almaq istəyən gənclər üçün diplom tanınması məsələsi təhsilin başlanğıc mərhələsindən etibarən prioritet mövzu olmalıdır. Lakin təəssüf ki, bir çox hallarda bu tələbələr və ailələri diplomun tanınması üçün lazım olan kriteriyalar, prosedurlar və məhdudiyyətlər barədə ya məlumatlı olmur, ya da qeyri-rəsmi mənbələrdən yanlış yönləndirilirlər.”

Maarifləndirmə mexanizmləri gücləndirilməlidir

Rəvan Əliyev qeyd etdi ki, burada maarifləndirmə mexanizmlərinin yetərli olmaması problemi ortaya çıxır: “Dövlət qurumlarının, xüsusilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu sahədə daha intensiv və davamlı məlumatlandırma kampaniyaları aparmaları vacibdir. Həmçinin, abituriyentlər üçün “Təhsil istiqamətləri üzrə tanınma bələdçisi” kimi sadə və aydın sənədlərin hazırlanması zəruridir.

Tələbələr xaricdə təhsilə qərar verməzdən əvvəl mütləq şəkildə həmin ölkədə və universitetdə alınacaq ixtisasın Azərbaycanda tanınıb-tanınmayacağını TKTA-nın rəsmi məlumat bazasında yoxlamalıdırlar. Bundan başqa, akkreditasiya statusu, tədris dili, təhsil formasının (əyani/qiyabi/online) uyğunluğu və təhsilin müddəti kimi faktorlar da nəzərə alınmalıdır.”

“Diplom almaq” deyil, “keyfiyyətli təhsil almaq” məqsədi ön planda olmalıdır

Həmsöhbətimiz vurğuladı ki, diplomların tanınmaması probleminin kökündə bir neçə amil dayanır: “İlk olaraq beynəlxalq əlaqələrin və məlumat mübadiləsinin zəifliyi, bəzi universitetlərin və ya proqramların qeyri-şəffaflığı bu sahədə əsas risk faktorudur. Bundan əlavə, bu kimi hallarda tələbələr sürətli və asan diplom əldə etmək məqsədilə şübhəli təhsil müəssisələrini seçirlər ki, bu da sonradan tanınma prosesində əngəllərlə nəticələnir.

Ümumilikdə, bu məsələnin həlli üçün maarifləndirmə, şəffaflıq və nəzarət mexanizmlərinin eyni anda gücləndirilməsi vacibdir. Təhsil almaq istəyən gənclər və onların valideynləri qərar verməzdən öncə rəsmi mənbələrlə məsləhətləşməli, “diplom almaq” deyil, “keyfiyyətli təhsil almaq” məqsədini əsas götürməlidirlər.”

Şahnigar Əhmədova, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button